Qusarda böyük vətənpərvərlik nümayişi

13 Yanvar, 2018 17:37 | Siyasət | Baxış sayı: 403
Qusarda tədbir
Qusarda tədbir

Bu gün Müdafiə Nazirliyinin Qusardakı N saylı hərbi hissəsinin yaranma tarixi qeyd olunub.

İstiPress-in şimal bürosunun məlumatına görə, keçirilən mərasimdə Azərbaycanın müstəqilliyi dövründə məhz bu gün yaradılan hərbi hissənin keçdiyi şərəfli yola ətraflı nəzər salınıb.

Əvvəlcə şəxsi heyətə nazirliyin ərazi üzrə birlik rəhbəri, Azərbaycanın Milli Qəhrəmanı, general Rövşən Əkbərovun təbriki çatdırılıb. Çıxışlarda bildirilib ki, Qusardakı hərbi hissə bu gün cəbhə bölgəsində yerləşən hərbi hissələrdən heç də geri qalmır.

Hərtərəfli təminatına, şəxsi heyətə yaradılan şəraitinə görə nazirliyin ən qabaqcıl hərbi hissələrindən olan Qusar hərbi hissəsində hər bir əsgərin, hər bir gizirin, hər bir zabitin döyüş əzminin yüksək olduğu xüsusi olaraq diqqətə çatdırılıb.

Bildirilib ki, bu il dekabrın 30-da - Açıq qapı günündə Qusarda olan müdafiə naziri, general Zakir Həsənovun da çıxışında qeyd etdiyi kimi, ordumuz Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən itirilmiş torpaqlarımızı azad etməyə hər an qadirdir və buna tezliklə nail olacağıq, tədbirdə nazirin bu sitatı xüsusi vurğulanıb.

Xidmətdə fərqlənən hərbçilərə nazirliyin birlik rəhbərliyi adından qiymətli hədiyyə və fəxri fərmanlar, təşəkkürnamələr təqdim olunub.

Mərasimdə şəxsi heyətlə yanaşı, Qusar İH-nin, polis şöbəsi və prokurorluğunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar şöbəsinin və ictimaiyyət nümayəndələri də iştirak edib. Çıxış edən Qusar icra başçısının müavini Elman Mustafayev bildirib ki, rayondakı hərbi hissə ilə yerli əhalinin, müvafiq qurumların olduqca səmərəli və qarşılıqlı əlaqəsi var və əlaqələr hərbi hissə yarandığı ilk gündən bu günədək davam etməkdədir.