Azərbaycanı Gürcüstanla düşmən eləmək istəyən gizli qüvvə

13 Yanvar, 2018 15:22 | Siyasət | Baxış sayı: 719
Rusiya ordusu 2008-ci ildə Tiflisə doğru irəliləyir - ARXİV
Rusiya ordusu 2008-ci ildə Tiflisə doğru irəliləyir - ARXİV

Üçüncü tərəflərin maliyyəşələşdiridyi qüvvələr ifrat fəallaşıb

Milli azlıqların problemləri üzrə Avropa mərkəzinin eksperti Maria Dieqo Qordonun Gürcüstanda azərbaycanlılara məxsus yer adlarının dəyişdirilməsi barədə hesabatı Azərbaycandan çox Ermənistanda müzakirə edilir.

İstiPress-in məlumatına görə, ermənilərin Gürcüstanla Azərbaycan arasında yetərincə yaxşı olan münasibətləri pozmaq niyyəti ilə bu məsələni qızışdırmalarının səbəbi aydındır və bu məsələyə son günlərdə Rusiyada fəaliyyət göstərən ermənipərəst curnalistlər də qoşulub.

Məsələn, Azərbaycanda böyümüş və ali təhsil almış, amma ermənipərəstliklə ad çıxarmış şərqşünas Stanislav Tarasov "Regnum"da bununla bağlı yazdığı məqaləsində iddia edir ki, gürcü tarixçilər azərbaycanlıları Borçalı ərazisində gəlmə hesab edirlər. "Gürcü  tarixçiləri hesab edirlər ki, İranın Gürcüstana 1480-ci illərdə başladığı hücum  zamanı azərbaycanlılar ölkənin cənub rayonlarına, Ağstafa, Debed çayları ətrafında və başqa bölgələrdə (Qazax, Pəmbək və Şərəgöl qrupları) yerləşdilər.   XVII əsrin ortalarında isə İran şahı Abbasın dövründə Debed vadisinə Borçalı türk tayfası yerləşir və regiona öz adını verir. Gəlmələr yerli kəndlərin başa düşmədikləri adlarını türk toponimləri ilə dəyişirlər",- deyə yazan Stanislav Tarasov məqaləsinə Şah Abbasın avropalı rəssam tərəfindən çəkilmiş rəsmini qoyur və rəsmi altında latınca onun milliyyətcə türk olduğu da göstərilir.

Birincisi Tarasovun bəhs etdiyi ərazilərin çox az hissəsi Gürcüstana düşür, azərbaycanlıların 1988-ci il deportasiyasına qədər yaşadığı Pəmbək və Şərəgöl mahalları Ermənistanın ərazisinə düşür. Buna görə, bu iddiaların müəllifinin gürcülər yox, ermənilər olduğu daha çox ağlabatandır. Təbii ki, gürcü tarixçilərinin araşdırmaları ilə tanış olan hər kəs bilir ki, Tarasovun gürcü tarixçilərinin dediyi barədə iddiaları yalandır. Bir çox gürcü mənbələri türklərin, yəni azırbaycanlıların hələ eradan əvvəl Kvemo Kartli adlandırdığı bölgədə yaşadığından xəbər verir və bunları ortaya çıxaranlar da məhz gürcü alimlərdir.

Belə alimlərdən biri zadəgan əsilli Ekvtime Takaişvilidir ki, o, öz elmi işlərində gürcü mənbələrində eradan əvvəl 4-cü əsrdə indiki cənubi Gürcüstan ərazisində buntürklərin yaşaması barədə məlumatların olmasından bəhs edib. X əsrdə yazılmış "Moktsevay Kartlisay" (Gürcüstanın xrisitanlığı qəbulu) əsərində göstərilir ki, eradan əvvəl 4-cü əsrdə Kür boyunca 4 şəhərdə yaşayan buntürklər həddindən döyüşkən olublar. Bu fakt gürcü tarixçi  Leonti Mrovelinin XI əsrdə yazdığı "Kartlis tsxovreba" (Kartli çarlarının tarixi) əsərində də rastlanır. Ekvtime Takaişvili "buntürk" sözünün nizəli türk mənasını verdiyini bildirir. Bu zaman o, gürcü şairi və tarixçisi Surxan Saba Orbelianiyə istinad edir. Akademik Nikolay Marr isə "buntürk" sözünün həqiqi türk mənasını verdiyini irəli sürür. Əksər tarixi mənbələr 7-ci əsrin ortalarından (640-cı ildən) 9-cu əsrin ortalarına qədər Tiflisin və bütün Gürcüstanın, o cümlədən indiki Ermənistan ərazisinin Xəzər xaqanlığının  tabeçiliyində olmasından bəhs edir. Yəni Gürcüstanda heç kim bu faktları təkzib etməyib. Bu faktları təkzib edən yalnız heç bir mənbə göstərə bilməyn ermənilərdir və o cümlədən Azərbaycanda da olan bəzi paniranist uydurmaçı sovet cızmaqaraçılarıdır  (İqrar Əliyev, Vasili Abayev, Babocan Qafurov və s.).

Xəzər xaqanlığının xəritəsi
Xəzər xaqanlığının xəritəsi

Tarasovun məqaləsində etdiyi başqa bir əsassız iddia isə 2017-ci ildə Gürcüstanın azərbaycanlılara məxsus yer adlarının xüsusi fəallıqla dəyişdirməsi ilə bağlıdır. Halbuki, Gürcüstanda yaşayan azərbaycanlı fəalların dediyinə görə, 1990-1991-ci illərdə, yəni sovetin son illərində Bolnisi rayonunda üç kəndin adı dəyişdirilib - Abdallı kəndinin adı Cavşanianiyə,  Arıxlı kəndiniki Naxiduriyə, Qoçulu kəndininki isə Çapaliyə dəyişdirilib. 2010-cu ildə isə bəzi avantürist dairələr tərəfindən 19 kəndin adının dəyişdirilməsi ilə bağlı layihə hazırlansa da yerli ictimaiyyət buna etiraz edib və Gürcüstan hakimiyyəti bunun qarşısını alıb. 2008-ci ildə Rusiya ilə müharibədə yaşanmış uğursuzluqdan sonra prezident Saakaşviliyə müxalif qüvvələrin aranı qatmaq istəyi təbiidir. Araqatanlar arasında soyadını dəyişmiş ermənilər də az olmayıb. Əks halda, yalnız türk toponimləri hədəfə alınmazdı. 

Rusiya - Gürcüstan müharibəsinin gedişi - 2008-ci il
Rusiya - Gürcüstan müharibəsinin gedişi - 2008-ci il

Bu məsələnin xüsusilə də Rusiya tərəfindən maliyyələşdirilən mətbuat orqanlarında qabardılması göstərir ki, Gürcüstanda azərbaycanlıların digər etnik qruplarla müqayisədə daha üstün dürümda olması bir çoxlarını narahat edir. 2015-ci ildə keçirilmiş siyahıya alma göstərdi ki, ölkə əhalisi 2002-ci illə müqayisədə 700 min azalıb, amma bu azərbaycanlılara təsir etməyib. Gürcüstanda 1989-cu illə müqayisədə  gürcülərin sayı 1 milyon, ermənilərin sayı 200 min azalsa da, azərbaycanlılar 300 min ətrafında olan saylarını qoruyublar. Bu isə bu ölkədə azərbaycanlıların vəziyyətinin elə də pis olmadığından xəbər verir.   

Çingiz Rüstəmov