Ermənistan azərbaycanlı köçkünlərə uduzdu

12 Dekabr, 2017 15:36 | Siyasət | Baxış sayı: 395
Avropa məhkəməsi
Avropa məhkəməsi

Avropa Məhkəməsi Ermənistanı azərbaycanlı məcburi köçkünlərə təzminat ödəməyə məhkum edib

Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı yeni qərar çıxarıb.

Qərara əsasən Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan üçün 6 şikayətçinin hər birinə 5 min avro ödəməli və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir. 

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana” qarşı işi ilə bağlı qərar çıxararaq şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının maddələrinin davamlı pozulduğunu bildirib. İş üzrə iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayır. Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər.

İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildiriblər və qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Bu şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub.

2011-ci il dekabrın 14-də AİHM şikayətləri qəbuledilən hesab edib və Ermənistanın bu işin AİHM-in müvəqqəti yurisdiksiyasından kənar olduğuna dair etirazını rədd edib.