Xızır kimi Ərdoğanın köməyinə yetişən adam FOTO

12 Oktyabr, 2018 11:25 | Siyasət | Baxış sayı: 703
İlham Əliyev və Rəcəb Tayyib ərdoğan
İlham Əliyev və Rəcəb Tayyib ərdoğan

"Ərdoğan rus dilini bilməsə də, onun köməyinə xızır kimi yetişən bir şəxs olur - İlham Əliyev"

"Keçmiş sovet ölkələrinin prezidentlərinin bir araya gəldiyi zaman rəsmi görüşlərdən sonra baş tutan söhbətlərdə qəhqəhələr yüksəlir. Ortaq keçmişi olan dövlət başçılarının öz aralarında ünsiyyaət qurması çox asandır. Çünki onların hamısı rus dilini bilir. Bəzən onların arasına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılır. Bu zaman maraqlı görüntü ortaya çıxır. Çünki Ərdoğan rus dilini bilməsə də, onun köməyinə xızır kimi yetişən bir şəxs olur - Azərbaycan prezidenti İlham Əliyev". 

İstiPress-in məlumatına görə, bu sözləri Türkiyənin "Media gündəliyi" portalı yazıb. Nəşrin yazdığına görə, belə görüşlərdə həm rus, həm də türk dilində bilən Əliyev könüllü şəkildə Ərdoğan üçün tərcüməçilik edir.

Məsələn, iki il öncə İstanbulda keçirilən 23-cü Beynəlxaql Enerji Konqresinə Rusiya prezidenti Vladimir Putin ilə İlham Əliyev də qatılmışdı. İki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olan  təyyarə böhranından sonra barış əldə edilmiş, Putin bu hadisədən sonra ilk dəfə Türkiyəyə gəlmişdi. Konqresin başlamasına bir neçə dəqiqə qalmış hər üç ölkənin prezidenti ön sırada əyləşib. Tərcüməçilər isə arxa sırada ididlər. Üç lider öz arasında danışıb, gülürdülər. Ərdoğan ortada oturan Putinə nə isə danışır, Əliyev isə onu tərcümə edirdi. 

Bənzər mənzərə sentyabrda Qırğızıstanda keçirilən sammitdə də (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti) yaşanıb. Ərdoğan Mərkəzi Asiya liderləri ilə söhbət edərkən İlham Əliyev də orada idi. 

Ən maraqlı hadisə isə 2008-ci ildə Astanada baş verib. Astananın paytaxt elan edilməsinin ildönümü münasibəti ilə keçirilən tədbir çərcivəsində o zamankı Türkiyə prezidenti Abdullah Gül Azərbaycanın dövlət başçısı İlham Əliyev və dövrün erməni lideri Serj Sarkisyanın qoluna girərək bir müddət gəzib, söhbət edib. Abdullah Gülə o zaman da İ.Əliyev kömək edib. Əliyev söhbətə başlayarkən Sarkisyan özünü "mən türk dilində bilirəm" deyərək önə atmaq istəyib. Amma onun biliklərinin məhdud olması səbəbindən Azərbaycanın dövlət başçısi işinə davam edib. 

Həmin il "Milliyət" qəzetinin Moskva müxbiri Cenk Başlamış İrəvanda Sarkisyandan müsahibə alarkən bu hadisəni xatırladıb. "Prezident Gül ilə görüşdə siyasətdən başqa mövzulardan danışa bildiniz? Sizə erməni dilində nə isə dedi? Və ya bəlkə siz türk dilində bir şey söyləmisiniz?".

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan isə bir müddət güldükdən sonra belə cavab verib: "Yox, başqa mövzulardan danışmağa imkan olmadı. Gülün erməni dilində bildiyini zənn etmirəm. Mənim Azərbaycan dilində danışmağım barədə əfsanə var. Bəli, bir zamanlar söhbət səviyyəsində bilirdim. Türk və Azərbaycan dillərinin də bir-birinə yaxın olduğunu bilirəm. Amma 20 ildir Azərbaycan dilində danışmıram. İndi məntiqli cümlə qura biləcək vəziyyətdə deyiləm".