ABŞ Türkiyə ilə razılaşdı - sanksiyalar ləğv edilir?

12 Oktyabr, 2018 09:35 | Siyasət | Baxış sayı: 189
Endryu Branson
Endryu Branson

"The Washington Post" bu gün iki ölkə münasibətlərini gərginləşdirən rahibin azad ediləcəyini yazıb

Ankara və Vaşinqton amerikalı keşiş Endryu Bransonun azad edilməsi və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə razılıq əldə edib. TASS-ın məlumatına görə, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. İddiaya görə, iki dövlər arasında gizli razılıq əldə edilib. 

Qəzet ABŞ-ın adı açıqlanmayan vəzifəli şəxslərinə və Branson işində hadisələrin inkişafı ilə bağlı məlumatlı digər mənbələrə istinad edib. Nəşrin yazdığına görə, keşiş artıq cümə günü növbəti məhkəmə iclasından sonra azadlığa buraxıla bilər. Amerika administrasiyası isə Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri aradan qaldırmaq, yeni məhdudiyyətlər tətbiq etməmək barədə üzərinə öhdəlik götürüb.

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib Endryu Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib.

Rahibin həbsi iki ölkə arasındakı münasibətləri gərginləşdirib. ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Bundan sonra türk lirəsi sürətlə dəyər itirməyə başlayıb və məzənnə 1 dollar üçün 4,6 lirədən 7 lirəyə kimi yüksəlmişdi.