Yeni regional savaş: İran və Türkmənistan Ermənistanın yanında

12 Oktyabr, 2017 13:17 | Siyasət | Baxış sayı: 3688
Xəzərdə hərbi təlim
Xəzərdə hərbi təlim

Erməni emissarlar Tehran və Aşqabadda gizli danışıqlara başlayıblar

Ermənistan Avropa qaz bazarında Azərbaycanın rəqibinə çevrilmək istəyir.

İstiPress-in məlumatına görə, erməni mətbuatı baş nazir Karen Karapetyanın dünən Tehrana etdiyi səfəri, həmçinin Serj Sarkisyanın Tehran və Aşqabad səfərlərinin bununla bağlı olduğunu yazır.

Məsələyə məqalə həsr edən "Joxovurd" qəzeti yazdığına görə, İranın neft nazirinin müavini Əmir Hosseyn Zamaniniya bildirib ki, İran bu məsələdə ermənilərə dəstək verməyə hazırdır. Həmçinin, qəzet bildirir ki, bir ay qabaq Serj Sarkisyanla görüşən türkmən lider Qurbanqulu Berdımuxammedov da türkmən qazının İran və Ermənmistandan tranzit yolla Avropaya daşınmasına razılıq verib.

Erməni ekspertlər bu görüşlərdən o qədər ruhlanıblar ki, Avropaya İran körfəzindən gedən bütün yüklərin Ermənistandan keçməsinin və Bakı-Tiflis-Qars dəmir yolunu tikmiş Azərbaycanı bu bazardan çıxarmağa xəyalını qururlar. “Sputnik”ə müsahibə verən ermən ekspert Conni Melikyan bunun üçün "İran - Ermənistan - Gürcüstan - Qara dəniz" marşrutunun seçilməsini vacib sayır.

Xəyali İran - Ermənistan - Gürcüstan - Avropa qaz kəməri
Xəyali İran - Ermənistan - Gürcüstan - Avropa qaz kəməri

Bu səfərlər erməniləri o qədər ruhlandırıb ki, İranşünas Vardan Voskanyan Azərbaycanla İranı yalnız sərhədin birləşdirdiyini, İranın regionda ən böyük dostunun Ermənistan olduğunu iddia edir. Bu, təbii ki, İranın milliyyətcə türk olan ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin rəsmi səviyyədə bu ölkədə yaşayan 40 milyon türkə “övladlarınıza türk dili öyrədin” deməsinin fonunda çox ağlasığmaz görünür. İranla Azərbaycanı ortaq tarix, inanc mədəniyyəti və s. birləşdirir. Yəni, İranı idarə edən türk elitasının öz soy və inanc qardaşları olan şiə azərbaycanlıları ermənilərin ayağına verəcəyinə inanmaq çox çətindir.  

Həmçinin, Qorqud Atanın oğuz övladları olan türkmənlərin öz qan qardaşları azərbaycanlılara qarşı bu cür xəyanətkar addımı da inandırıcı gəlmir. Hər halda, Ermənistanla İran arasında mövcud olan kiçik diametrli qaz borusu tranzit qaz ötürmələri üçün yararlı deyil, həm də İran və Gürcüstan ərazisində bunun üçün investisiya tutumu 10 milyard dolları ötəcək infrastruktur yaratmaq lazımdır. Bu layihə qazın Qara dənizdən sonra tankerlə daşınmasını nəzərdə tutur ki, bu da əlavə milyard dollarlarla sərmayə yatırımı deməkdir.     

Halbuki Azərbaycanın təşəbbüsü ilə yaradılan Cənub Qaz dəhlizinə Türkmənistanın qoşulması üçün xərclər on dəfəyə qədər aşağı ola bilər: Türkmənistan yataqlarından qaz kiçik sahədaxili boruları ilə “Şahdəniz”ə qədər ötürülə bilər və buradan Avropaya nəql edilə bilər, yəni bunun üçün Xəzərin statusunun müəyyənləşməsinə - filana ehtiyac olmaz; qaz Azərbaycan terminallarına tankerlərlə də daşına bilər. 

Xamneyi: Övladlarınıza türk dili öyrədin

Ermənilərin bu total eyforiyasının əsassız olduğunu bir amil də ortaya çıxarır: türkmən qazını Avropaya Rusiyadan kənara yolla ixrac etmək istəyən ölkə Rusiyaya qarşı müharibə elan etmiş kimi sayılır. Türkmənistanın hər il 100 milyard kubmetrə qədər qaz ixracı imkanı var, amma bunu gerçəkləşdirə bilmir. Çünki onun qazı əsasən “Qazprom” tərəfindən ixrac edilir. Bu rus şirkəti də Avropa bazarlarında əsasən öz qazını satır, türkmən qazı isə onun ixracının 20 faizini (təxminən 50 milyrad kubmetr) təşkil edir. Rusiya bu qazı Türkmənistandan aldığı qiymətdən xeyli baha satır və böyük gəlirlər əldə edir. Bu, həm də Avropa qaz bazarında Rusiyanın aparıcı mənbə olmasını təmin edir. Yəni, Rusiya müstəmləkəsi saydığı Ermənistanın və Türkmənistanın bu cür oyunlar qurmasına icazə verməz.

Amma Ermənistanda Rusiyanın əleyhinə başlamış KİV və QHT hərəkatına Rusiyadan ermənipərəst KİV-lərin də qoşulması sual doğurur. Məsələn, Rusiyanı ermənipərəst “Regnium” agentliyinin şərhçisi Leonid Nersesyan dünən yazdığı məqaləsində Rusiyanı və Belarusu sərt tənqid edərək KTMT-ni dağıtmaqda günahlandırır. Nə baş verir? Hər şeyi ilə Rusiyadan asılı olan ermənilər öz ağalarına nifrətlərini niyə belə açıq biruzə verirlər? Onlara hər hansı bir vəd verilməsə belə açıq şəkildə va-banka getməzlər. Azərbaycan bu məsələni diqqətlə izləməli və dəyişikliklərə hazır olmalıdır.

Çingiz Rüstəmov / İstiPress