Ermənistana arxadan edilən hücum

12 Sentyabr, 2018 20:42 | Siyasət | Baxış sayı: 549
KTMT çevik gücləri - Paşinyan onların komandiri Yuri Xaçaturovu həbs etmək istəyir
KTMT çevik gücləri - Paşinyan onların komandiri Yuri Xaçaturovu həbs etmək istəyir

“Ermənistanın təhlükəsizliyinə böyük zərbə” gözlənilir

AŞPA-nın Monitorinq komissiyasında Ermənistanın məsələsi müzakirə olunacaq.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Arpine Hovannisyan bu gün bu barədə öz "Facebook" səhifəsində yazıb.

Arpine Hovannisyan bildirib ki, dünən AŞPA siyasi məsələlər və demokratiya komissiysının iclasında Ermənistandakı daxili siyasi vəziyyət və son zamanlar baş vermiş hadisələr müzakirə olunub:

“Mən faktları, videomaterialları, məqalələri təqdim etdim. Həm də Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə Milli İstintaq Xidmətinin başçısı arasındakı telefon söhbəti də dinlənildi”, - deyə Hovannisyan qeyd edib.

Söhbət Ermənistanda iki xüsusi xidmət orqanının - Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçaturyan arasında telefon danışığından gedir. İnternetdə yayılmış bu danışıqların gerçəkliyi Ermənistan baş nazirinin komandası tərəfindən də inkar edilmir.

Həmin danışıqdan  güc strukturlarının rəhbərlərinin baş nazir Paşiyanın əmri ilə məhkəmədən keçmiş prexident Robert Koçaryan  və Ermənistan ordusunun keçmiş baş qərargah rəisi, KTMT Silahlı Qüvvələrinin başçısı Yuri Xaçaturovun həbsi barədə qərar verməsini tələb etdiyi ortaya çıxır. Bu, keçmiş iqtidarın - Respublika Partiyasının Paşinyanı diktatorluqda günahlandırmasına imkan verib. Keçmiş prezident Robert Koçaryan isə kinayə ilə Nikol Paşinyanı monarx elan etməyə çağırıb.

Arpine Hovannisyan Angela Merkellə birlikdə
Arpine Hovannisyan Angela Merkellə birlikdə

Arpine Hovannisyan da keçmiş iqtidarın təmsilçisidir və ədliyyə naziri olub. Hazırda isə parlamentin vitse-spikeridir və Paşiyanın rəqibi Respublika Partiyasını təmsil edir. Təbii ki, Arpine Hovannisyanın AŞPA-ya bu faktları verməsi Paşinyana dəstək verən, yaxud özünü dəstək verən kimi göstərən mətbu orqanlar tərəfindən dərhal tənqid olunub. Onlar Hovannisyanı Ermənistana arxadan zərbə vurmaqda günahlandırırlar.

Məsələn, Paşinyanın hovuz mediyasının təmsilçisi Akop Badalyan “Lragir”də yazdığı məqalədə həmin səsyazısının AŞPA-da dinlənməsini “Ermənistanın təhlükəsizliyinə böyük zərbə” adlandırıb. Hər halda, “Facebook” səhifəsindən belə görünür ki, Arpine Hovannisyan AŞPA-da daha ciddi nüfuza malikdir və Angela Merkellə şəxsi tanışlığı var. Yəni onu Serj Sarkisyanın vaxtındakı AŞPA təmsilçisi, Xocalı cəlladı Ermine Naqdalyanla müqayisə etməyə dəyməz. Naqdalyan AŞPA iclaslarında özünü adekvat aparmırdı və buna görə Ermənistan nümayəndə heyəti hətta növbəti seçkiyə qədər AŞPA-dan qovulmuşdu.

Əslində, Arpine Hovannisyan Ermənistanın batan gəmisinin içində mina partladıb. Bu mina Ermənistan üçün vətəndaş müharibəsinin mücdəçisidir. Bu müharibədən kimin - əlində ordu və Arpine Hovannisyan kimi peşəkar oyunçular olan Qarabağ klanınınmı, yoxsa polisə və Qarabağ klanını düşmən sayan geniş kütlələrinə arxalanan Paşinyanınmı qalib çıxacağını indidən demək çətindir. Hər halda, cücəni payızdan, yəni vətandaş müharibəsindən sonra sayarlar. Amma sağ qalan cücəni.