Rusiya ən güclü silahına görə beh aldı

12 Sentyabr, 2017 10:01 | Siyasət | Baxış sayı: 508
S-400
S-400

S-400-lər Azərbaycanın ən yaxın qonşusuna gedir

Türkiyə S-400 zenik raket kompleksi üçün Rusiyaya beh verib. İstiPress-in məlumatına görə, bunu Qazaxıstandan qayıdanda jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, artıq alqı-satqı ilə bağlı imzalar da atılıb. "Bundan sonra Rusiyanın bizə verəcəyi kreditlə bağlı müzakirələr olacaq. Türkiyənin özünü müdafiəsi ilə bağlı müstəqil qərarlarını heç kim sorğu-sual edə bilməz. Ölkəmizi qorumaq üçün tədbirləri özümüz görməkdə sərbəstik. 

Məsələn, biz pilotsuz uçan aparatları (PUA) dostlarımızdan ala bilmirdik. Çox pul istəyirdilər. Amma teror təşkilatlarına tank, top, zirehli maşınlar verirlər. Biz pulu ilə almaq istəyəndə belə maneə ilə qarşılaşırdıq. Nəticədə nə oldu? Öz PUA-larımızı özümüz istehsal etməyə başladıq. 

Rusiya Hərbi Texniki əməkdaşlıq federal xidmətinin rəhbəri Dmitri Şuqayev  də bir neçə gün öncə Rusiya və Türkiyə arasında S-400 raket-zenit kompleksinin alqı-satqısı ilə bağlı razılığın demək olar ki, əldə edildiyini, ancaq  bəzi xırda detallar üzərində müzakirələr getdiyini açıqlamışdı.

ABŞ Türkiyənin adı çəkilən sistemləri almasından narahatlığını gizlətməyib. ABŞ-ın Müdafiə Nazirliyində hesab edirlər ki, Türkiyə rus istehsalı olan ən güclü raket kompleksini almasındakı niyyəti barədə açıqlama verməlidir. Lakin Türkiyə və Rusiya rəsmiləri dəfələrlə dövlətin təhlükəsizliyinin təminatının dövlətin şəxsi işi, müstəqil qərarı olduğunu bildirib. 

Xatırladaq ki, Türkiyə 2016-cı ildən Rusiya istehsalı olan S-400-lə yaxından maraqlanmağa başlayıb. Bu il isə alış haqqında ən yüksək səviyyədə, o cümlədən prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar aparılıb. 

İyul ayının 25-də Ərdoğan artıq alış-satışla bağlı razılaşma imzalandığını elan edib. O zaman Kreml bu məsələyə şərh verməkdən imtina etmişdi.

Məlumata görə, Rusiya S-400 raket kompleksinin bir diviziyasını Türkiyəyə 500 milyon dollara təklif edib.