Azərbaycan kəndinin erməni qulları

12 Avqust, 2017 09:42 | Siyasət | Baxış sayı: 1012
21-ci əsrin qul alverçiləri - Rusiyanın NTV kanalından kadr
21-ci əsrin qul alverçiləri - Rusiyanın NTV kanalından kadr

Ermənistan İstintaq Komitəsində açılmış sensasion cinayət işi

Ermənistanda azərbaycanlılara qarşı yeni nifrət oyatma kampaniyasına başlanıb və 21-ci əsrdə azərbaycanlıların erməniləri qul kimi işlətdiyi iddia edilir. 

İstiPress-in məlumatına görə, Ermənistan İstintaq Komitəsi Gürcüstanın Qardabani rayonunda azərbaycanlılar yaşayan Soğanlıq kəndində Ermənistan vətəndaşının məcburi əmək istismarı faktı ilə bağlı cinayət işi qaldırıb. Ən maraqlısı odur ki, cinayət işi konkret vətəndaşın şikayəti əsasında deyil, sosial şəbəkələrdə bu barədə dolaşan söhbətlər əsasında qaldırılıb, buna görə qul kimi işlədildiyi iddia edilən erməni kişinin adı da bəlli deyil.

Sadəcə, 2017-ci il iyulun 28-də keçirilmiş mətbuat konfransında Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) təmsilçisi iddia edib ki, 2003-cü ildən 2017-cü ilə kimi Soğanlıqda  qalmış erməni kişi mayın 7-də öz evinə dönüb. Ermənistan İstintaq Komitəsinin “araşdırmasından” məlum olub ki, iş axtarmaq üçün Soğanlığa getmiş erməni orada bir azərbaycanlı ailə tərəfindən çardaqda pulsuz verilmiş yerdə gecələyib, həmin evdə, həm də qonşuların evlərində işləyib. Ermənistan İstintaq Komitəsi iddia edir ki, həmin erməniyə işi müqabilində “lazımi qədər” əmək haqqı verməyiblər və buna görə də bu, “qul əməyinə yaxın şərait” sayıla bilər.

Bu cür tutarsız iddialar başlanmış “cinayət işinin” sadəcə, Ermənistanın başladığı təbliğat kampaniyasından başqa bir şey olmadığını ortaya çıxarır. Çünki ortada real cinayət olsaydı, Ermənistan İstintaq Komitəsi ilk olaraq gürcüstanlı həmkarlarına müraciət edərdi. Cinayət yoxdur deyə etməyib, zərərçəkmişin adı-soyadı da bəlli deyil.

Soğanlıq kəndi - XƏRİTƏ
Soğanlıq kəndi - XƏRİTƏ

Həm də cinayətin baş verdiyinin iddia etdiüi Soğanlıq elə də ucqar yer deyil və paytaxt Tiflisin düz gərəcəyində yerləşir. 1973-cü ildən rəsmi adı Poniçala olan həmin kənddən hər gün İrəvana, Gümrüyə və Vanadzora tərəf 10-a yaxın yaxın avtobus gedir. Avtobuslar əkin sahələrinin yanından keçirlər və qul şəraitində olduğu iddia edilən istənilən erməni bu avtobusların birini saxlatmaqla  1 saatdan sonra özünü Ermənistan sərhəddinə çatdıra bilər.        

Amma bu uydurma cinayətin Soğanlıqda baş verməsinin iddia edilməsi də təsadüfi deyil. 6 minə yaxın azərbaycanlının yaşadığı bu kənddə iri təsərrüfatlar var və onlar Gürcüstan paytaxtını bir çox ərzaq məhsulları ilə təmin edirlər. Bu təsərrüfatlarda hələ 1980-ci illərdən Ermənistan sakinləri işləyib ailələrinə çörək pulu aparırdılar, görünür, bu praktika hələ də davam edir.  

Son illərdə bu kənddə, həm də Gürcüstanın iqtisadi cəhətdən daha güclü olan digər azərbaycanlı kəndlərində işləməyə gələn bəzi erməni gənclər islamı qəbul edirlər. Onları həmin kəndlərdə yaşayan azərbaycanlılardan gördüyü xeyirxahlıq, islamın təbliğ etdiyi yaşam tərzi və s. cəlb edir. Həmin gənclər sonradan Şimali Qafqaza və ya Ermənistana gedərək islamın təbliğatçılarına çevrilirlər. Məsələn, Soçi şəhərinin Lazarevskie rayonunun imamı, milliyyətcə erməni olan Umar Nibo onun məscidinə gələnlər arasında ermənilərin də çox olduğunu bildirir.

Təbii ki, bu meylin artması siyasətini türk və müsəlmanlara düşmənçilik əsasında qurmuş  Ermənistan hakimiyyətini narahat edir. Ona görə də bu cür səs-küy qopararaq erməni gəncləri Gürcüstanın azərbaycalılar yaşayan kəndlərində işləməkdən çəkindirsinlər. Həm də ki, XİN-i işə qatmaqla Azərbaycan əleyhinə bacardıqları qədər əks təbliğat aparmağa çalışırlar.

Çingiz Rüstəmov / İstiPress