Tramp NATO zirvəsini bir-birinə qatdı

12 İyul, 2018 14:37 | Siyasət | Baxış sayı: 187
Donald Tramp NATO sammitində
Donald Tramp NATO sammitində

Prezidentdən böhran yaradan açıqlama

ABŞ prezidenti NATO-da böhran yaradacaq addım atıb. İstiPress-in məlumatına görə, alyansın zirvə toplantısının ikinci günündə bağlı qapı arxasında keçirilən görüşdə gərginlik daha da artıb. Donald Tramp ölkələri ABŞ-ın alyansdan ayrıla biləcəyi ilə hədələyib. Alman xəbər agentliyi DPA-nın məlumatına görə, o mütəffiq ölkələrin müdafiə xərclərini artırmasını tələb edib. 

Dövlət başçısı açıqlamasında ölkələrin büdcəni artırmaq sözü verdiyini, ABŞ-ın ədalətli davranış görmədiyi üçün narahat olduğunu deyib. "Dünən bir az sərt danışdım. Amma NATO-ya inancım tamdır".

Qeyd edək ki, Tramp bu posta təyin edildiyi ilk gündən xərclərin artırılmasını tələb edir. O, ölkəsinin NATO-ya ən çox qaynaq ayıran dövlət olduğunu və bunun ədalətli olmadığını bildirib. Tramp ABŞ-ın Avropanı qoruduğunu da qeyd edib.

AFP-nin məlumatına görə, prezidentin böhran yaradan bu israrına görə bəzi ölkə rəhbərləri təcili toplantı keçiriblər.

Xatırladaq ki, Tramp ötən gün də Almaniyanı xərcləri artırmadığı üçün tənqid etmişdi. O, hətta Rusiya ilə təbii qaz sazişi imzaladığı üçün ölkəni "Rusiyanın əsiri" adlandırmışdı.