Paşinyan müharibə ilə vaxt udmaq istəyir

12 İyul, 2018 20:01 | Siyasət | Baxış sayı: 525
Azərbaycanın Rusiyadan almaq istədiyi "Terminator - 2" tankları
Azərbaycanın Rusiyadan almaq istədiyi "Terminator - 2" tankları

Ermənistan baş nazirinin danışıqlardan qaçmasının əsl səbəbi

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanın görüşü, əslində, Ermənistanın indiki rəhbərliyi üçün geri çəkilmə sayıla bilər.

İstiPress-in məlumatına görə, hər halda bu, Nikol Paşiyanın hakimiyyətə gəldikdən sonra Qarabağa səfəri zamanı Azərbacanla danışıqları işğal rejiminin apmasının, Dağlıq Qarabağın danışıqlara qayıtmasının vacibliyi kimi poppulist bəyanatlarına uyğun gəlmir. Bəlkə də elə bu üzdəndir ki, iyulun 11-də Brüsseldə keçirilmiş görüşü Ermənistanın heç bir KİV-i şərh etməyib. Məsələ bundadır ki, informasiyanın ictimai rəyə təsirini dəqiq başa düşən Nikol Paşinyan hakimiyyəti ələ keçirdikdən şantajla ələ keçirdiyi KİV-lərə bu barədə susmaq əmri verib. Erməni mətbuatı NATO-nun və özəlliklə ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyi barədə də susur.

Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq  Qabil Hüseynli İstiPress-ə müsahibəsində Ermənistanın danışıqları davam etdirməkdən başqa yolunun olmadığını bildirir: “Ermənistana Rusiya və Avropa Birliyi ciddi təsir etdi, Paşinyana danışıqları davam etdirməyin vacibliyini başa saldı. Üstəgəl, Avropa Birliyi, o cümlədən NATO Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi. Yəni Paşinyana başa saldılar ki, münaqişə indiyə kimi danışıqları aparılmış mərhələli həll variantı ilə həll ediləcək”.

Politoloqun dediyinə görə, mərhələli həll variantında Ermənistan heç bir şərt qoymadan qoşunlarını 5 rayondan çıxarmalıdır: “Əvvəllər bu beş rayonun azad olmasının əvəzində Dağlıq Qarabağa aralıq statusun tanınması tələb edilirdi ki, Azərbaycan bununla razılaşmırdı. Amma son səslənən variantlarda belə tələb qoyulmur, 5 rayonun azad olmasından sonra Ermənistanın blokadadan çıxarılması nəzərdə tutulur. Düşünürəm ki, danışıqlar bu istiqamətdə davam edərsə, həmin 5 rayonun (Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının - red.) işğaldan müharibəsiz azad olmasına nail olarıq”.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Politoloq Tofiq Abbasovun fikrincə isə, Paşiyanın mərhələli həll variantından imtina etməsi, sadəcə, növbədən kənar parlament seçkilərinə qədər vaxt udmaq niyyətidir: “O bilir ki, parlament seçkilərinə qədər hər hansı güzəşt addımı atsa, bu, onun da, partiyasının da sonu olacaq. Buna görə, Qarabağ klanının fonunda daha patriot görünməyə çalışacaq. Təsəvvür edin, özü gənclik çağlarında əsgərlikdən qaçmış biri baş nazir postunu əlində saxlamaq üçün oğlunu Qarabağa əsgər göndərir?!”,- deyə Tofiq Abbasov İstiPress-ə bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı, politoloq Fikrət Sadıqov isə İstiPress-ə müsahibəsində mərhələli həll üzrə danışıqların artıq getdiyini bildirir: “Axı Elmar Məmmədyarovla Zöhrab Mnasakanyan 4 saat nədən danışıblar? Sepertaçı rejimin danışıqlara qatılıb-qatılmaması ətrafında o qədər danışmaq olmaz axı? Uzağı bir neçə dəqiqəyə həmsədərlər ona bunun qeyri-mümkünlüyünü izah edərdi, daha sonra isə Elmar Məmmədyarov qəti sözünü deyirdi. Deməli, ictimaiyyətə açıqlanmasa da mərhələli həll üzrə danışıqlar gedib”.

Fikrət Sadıqovun sözlərinə görə, bu məsələdə Paşinyan Qarabağ klanının yeni hakimiyyətə gəldiyi dövrləri xatırladır: “O vaxt onlar mərhələli həldən qaçırdılar və Qarabağ üçün status tələb edirdilər. Bu, əslində danışıqlar prosesindən qaçmaq və status-kvonun vaxtını uzatmaq idi ki, bəlkə, zaman keçə, Helsinki prinsipləri (ərazi bütövlüyü prinsipi) arxa plana keçə. Amma zaman göstərdi ki, belə olmadı və əksinə düşdüyü blokada Ermənistanı boşaltdı. Paşinyan və sonrakılar belə davam edərsə, Ermənistan tamamilə əriyəcək. Qarabağ klanı Ermənistanı öz mənafeləri üçün məhv edirdi, bəs, Paşiyan nəyin naminə bunu edəcək? Onun danışıqları davam etməkdən başqa yolu yoxdur”.