Azərbaycanlı və erməni nazir 4 saat nədən danışdı?

12 İyul, 2018 08:16 | Siyasət | Baxış sayı: 397
Brüssel görüşü
Brüssel görüşü

Brüssel görüşünün nəticəsi

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endrü Sxofer - ABŞ) vasitəçiliyi ilə Brüsseldə görüşüblər. Nazirlərin ilk görüşündə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. Görüş 4 saata yaxın müddət ərzində davam edib. 

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub. "Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb".

Bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə də ayrıca görüşüb. Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.