Azərbaycanı SSRİ-də tanıdan əfsanə

12 İyul, 2018 13:22 | Siyasət | Baxış sayı: 75
Mais Məmmədov
Mais Məmmədov

Vahid Mustafa Yev Azərbaycan jurnalistikasının ağsaqqalı Mais Məmmədov barədə

Jurnalistikamızın əfsanəsi Mais Məmmədov 80 yaşaını qeyd edir! 
Hələ ötən əsirn 60-70-ci illərindən bütün SSRİ Azərbaycanı Mais Məmmədovun reportajlarından tanıyırdı. Elə biz də...

Əməkdar jurnalistin yubileyi münasibətilə ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafa Yev öz "Facebook" səhifəsində jurnalistikamızın ağsaqqalı barədə ürək sözlərini yazıb.

"Mais müəllim SSRİ dövründə də Azərbaycanı tanıtdırırdı, I Qarabağ Müharibəsi başlayanda da Azərbaycan ərazisində baş verənləri keçmiş SSRİ tamaşaçısına çatdırırdı. Məhz həmin dövrdə Mais Məmmədovun bütün Dağlıq Qarabağ münaqişəsinin idarə edildiyi Rusiyanın siyasi əqidəsini təbliğ edən dövlət televiziyasında işləməsi və Azərbaycanın mövqeyini olduğu kimi çatdırması bəzi yüksəkçinli məmurların vəzifəsindən daha vacib və çətin idi. Və bir gün… Rusiya televiziyası Azərbaycan əleyhinə material sifariş verəndə Mais Məmmədov hər şeyindən – yüksək maaşından, qonorarından, ömrünün sonuna qədər yağ-bal içində yaşayacağı barədə təminatdan, Moskva mərkəzində apartmandan imtina edir və Vətənini seçir. Rusiya televiziyası ilə əlaqəni birdəfəlik kəsir. Azərbaycanda ona ruhən dogma olan ilk və tək müstəqil kanala - ANS-ə gəlir. 20 il ANS Müstəqil Yayım və Media şirkətində rəhbər vəzifələrdə işləyib və bu gün də fəaliyyətini davam etdirir… 

Amma jurnalistikamızın əfsanəsi səkkizinci onilliyini bu gün qeyd etmir; baxmayaraq ki, bu yaşı qeyd etmək hər kəsə nəsib olmur… Çünki əfsanənin ürəyinin birgə döyündüyü, bütün əqidəsini, ideyalarını ötürdüyü ANS-in yayımını dayandırıblar. İkinci doğum günüdür, Mais Məmmədov bu dünyaya gəlişini bayram edə bilmir. Özü də niyyət edib ki, yalnız ANS-in yayımı bərpa ediləndən sonra o, doğum gününü qeyd edəcək. Ümidvarıq ki, bu günü sizə də, dostunuz, Milli Qəhrəmanımız Çingiz Mustafayevin atası Fuad kişiyə də yaşadacağıq! 

Əziz və hörmətli Mais müəllim! 
Doğum gününüzü təbrik edirik! 100 yaşayın!
Bu günü istədiyiniz və istədiyimiz kimi qeyd edə bilmədiyiniz üçün isə Sizdən üzr istəyirik!

Bir də… Bu gün elə bil Azərbaycan da bu böyük kişini görmür. Ya Mais müəllim çox böyükdür, ya da Azərbaycan o qədər yuxarı boylana bilmir…