Prezident iki il öncə gedib narazı qaldığı "Yanardağ"da FOTOLAR, YENİLƏNİB I

12 İyun, 2019 14:40 | Siyasət | Baxış sayı: 370
Prezident İlham Əliyev "Yanardağ"da
Prezident İlham Əliyev "Yanardağ"da

Bu gün təmirdən sonra qoruğun açılışı olub

Əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışı olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. 

2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olmuşdu. Dövlətimizin başçısı o zaman buradakı çatışmazlıqları və qeyri-məqbul şəraitin olduğunu qeyd edərək, bunun ölkəmizin ümumi inkişaf səviyyəsinə uyğun gəlmədiyini bildirmişdi. Prezident İlham Əliyev oradaca qoruqdakı şəraitin qısa müddət ərzində müasir səviyyəyə çatdırılması barədə aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq vermişdi.

Dövlət başçısı qoruğun rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verib.

Bildirildi ki, qoruq yeni konsepsiyaya uyğun olaraq bərpa edilib. Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ abidəsinin ərazisi Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli müvafiq qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir. Dövlətimizin başçısının ötən ilin iyulunda imzaladığı Sərəncama əsasən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazisində yeni turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Qoruğun bərpası Dövlət Turizm Agentliyinə həvalə olunub.

Aparılan yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 64,55 hektar olan qoruğun ərazisində 3 tematik zonadan ibarət muzey, açıq hava konsertləri üçün nəzərdə tutulan 500 nəfərlik amfiteatr, sənətkar emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin satışı məntəqəsi, parkinq turistlərin ixtiyarına verilib. 2007-ci ildən qoruq statusuna malik olan Yanardağda, həmçinin ərazidə tapılan, yerli əhali tərəfindən istifadə edilmiş qədim daşlar və sənətkarlıq nümunələrinin, qaval daşının nümayiş etdirildiyi açıq hava muzeyi yaradılıb. Bundan əlavə, qoruq ərazisində yerli gənc rəssamların əsərlərinin nümayiş olunduğu kafe, əyləncə zonası, uşaqlar üçün oyun meydançası fəaliyyət göstərəcək. Fiziki məhdudiyyətli şəxslərin Yanardağ alovunun ətrafına enməsi üçün xüsusi yol çəkilib. Bütövlükdə qoruq ərazisi abadlaşdırılaraq müxtəlif ağaclar əkilib.

Qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
"Yanardağ"
"Yanardağ"
Prezident və xanımı
Prezident və xanımı

Xatırladaq ki, 2017-ci ilin dekabrında Abşeron rayonuna səfər edən prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda da olmuşdu. Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirmişdi. O, deyib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılması haqqında tapşırıq vermişdi.