Atəşkəs elan edilməsindən 24 il ötür

12 May, 2018 08:30 | Siyasət | Baxış sayı: 49
Atəşkəs
Atəşkəs

Atəşkəsdən sonrakı ən böyük hərbi toqquşma 2016-cı ilin aprelində baş verib

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 24 il ötür. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə "Bişkek protokolu" imzalanı b. Protokol mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.

Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDBPA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.

Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. 

Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.

Atəşkəsdən ötən 24 il ərzində tərəflər arasında ən böyük hərbi toqquşma 2016-cı il aprel ayının əvvəlində baş verib. Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edən Azərbaycan Ordusu Füzulirayonu istiqamətində strateji Lələ təpə yüksəkliyini və Tərtər istiqamətində Talış kəndi ətrafında mövqeləri işğalçılardan təmizləyib. Döyüşlərdə hər iki tərəf xeyli itki verib.