Virusun tüğyan etdiyi İtaliyada qalan azərbaycanlılar ölkəyə gətirildi VİDEO

12 Mart, 2020 08:33 | Siyasət | Baxış sayı: 85
Koronavirus
Koronavirus

26 sərnişin hava limanından birbaşa karantinə aparılıb

Heydər Əliyev Beynəlxalq Aeroportu sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım avtomobillərinin görüntüləndiyi videomateriala aydınlıq gətirib.

Aeroportun mətbuat xidmətindən verilən məlumata görə, ötən gecə İtaliyadan tranzit gələn 26 sərnişin “Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib. 

"Koronovirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantinə yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Videogörüntülərdəki çoxsaylı təcili tibbi yardım avtomobilləri bununla izah olunur".

Bakıya gələn 26 sərnişindən 24-ü İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşı, 2 nəfəri isə əcnəbidir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) verilən məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar. Onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb.

Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədə koronavirus epidemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar İtaliya ərazisində olan bütün Azərbaycan vətəndaşlarına müraciət edib.

Müraciətdə qeyd edilir ki, İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar olaraq, İtaliyadan Azərbaycana qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarından təcili olaraq Səfirliyin elektron poçt ünvanlarına (rome@mission.mfa.gov.az; consul_rome@mission.mfa.gov.az) aşağıdakı məlumatları təqdim etmələri xahiş olunur:

1. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;

2. Viza və ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədin surəti;

3. Əlaqə məlumatları (telefon, e-mail və yaşadığı ünvan).

"Nəzərinizə çatdırırıq ki, Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaq və onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaqdır”.