“Jamanak”: Qarabağ müharibəsindən Türkiyə qalib çıxacaq

12 Mart, 2019 16:18 | Siyasət | Baxış sayı: 1100
Türkiyə tankları Afrində döyüş zamanı
Türkiyə tankları Afrində döyüş zamanı

NATO baş katibinin münaqişə ilə bağlı bəyanatının İrəvanda əks-sədası

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Ceyms Appaturayın Qarabağla bağlı bəyanatı Azərbaycan üçün xəbərdarlıq idi.

İstiPress-in məlumatına görə, bu iddia ilə Ermənistanda dərc olunan “Jamanak” qəzeti çıxış edib.

İrəvanda səfərdə olan Ceyms Appaturay bildirmişdi ki, NATO-nun rəyincə, Qarabağ  münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər: “Uğurlu hərbi variant yoxdur. Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırıram”, - deyə o qeyd etmişdi.

Qəzet dolayısı ilə işarə vurub ki, Appaturay “uğurlu həll variantı yoxdur” dedikdə NATO üçün uğurlu həll variantı olmadığını vurğulayıb. Məqalədə bildirilir ki, NATO-nun bölgəyə marağı humanistlikdən və sülhsevərlikdən yox, praqmatik rasionalizmdən qaynaqlanır.

“Qafqazda təhlükəsizliyin təhdid altına düşməsi dünyada təhlükəsizliyi təhdid altın salır, nəzərə almaq lazımdır ki, Qafqaz Avroatlantika əraziləri ilə sərhəddə yerləşir”, - deyə qəzet yazır.

Məqalədə qeyd edilir ki, Qafqazda müharibə Avropada müharibə deməkdir və buna tərəf kimi Türkiyə və Rusiya da cəlb olunacaq.

NATO-nun əhatə dairəsi - 2018-ci il
NATO-nun əhatə dairəsi - 2018-ci il

“Bu müharibə ya Avropa sərhədlərində sonsuza qədər davam edən xaosla nəticələnəcək, ya da son nəticədə Türkiyə qalib gələcək”,- deyə “Jamanak” vurğulayır.

Qəzetin məqaləsini şərh edən “newsarmenia.am” iddia edir ki, Qafqazda müharibə NATO üçün tələ ola bilər və onda Rusiyaya qalib gəlmiş Türkiyə ilə üz-üzə qalacaq. Türkiyə isə Uzaq Şərqə və Çinə qədər uzanan iqtisadi zonanın faktiki rəhbərinə çevriləcək.