Prezident "Polonez" dən danışdı - "İstənilən hərbi hədəfi məhv edə bilər"

12 Yanvar, 2019 08:55 | Siyasət | Baxış sayı: 196
Hərbi parad
Hərbi parad

"Düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək"

"Bizim ordumuzun döyüş qabiliyyəti artır və Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut edib. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar torpağa tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır". İstiPress-in məlumatına görə, bunu ötən gün Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev deyib.

O, qeyd edib ki, bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək imkanı yaradır. Yəni, bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək.

"Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq". 

İ.Əliyev ötən il iki dəfə keçirilən hərbi paradda biz texnikanın bir hissəsini nümayiş etdirildiyini də deyib. O, qeyd edib ki, onların arasında əlbəttə ki, xüsusilə uzaqmənzilli “Polonez” və “LORA” raket sistemləri də olub.

"Polonez"
"Polonez"

"Qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Mən bir daha demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək.

Bu sistemlərin əldə edilməsi əlbəttə ki, bizim hərbi gücümüzü daha da artırır. Eyni zamanda, keçən il yeni pilotsuz döyüş uçuş aparatlarının əldə edilməsi bizim hərbi gücümüzü daha da artırır. Əlbəttə ki, son illər ərzində hava hücumuna, raket hücumuna qarşı aldığımız sistemlər müdafiə potensialımızı gücləndirir və digər sistemlər bizim hücum gücümüzü artırır. Bunu hər kəs bilir. Hərbi sahədə baş verən hadisələr heç kim üçün sirr deyil. Qarşı tərəf də - düşmən də bilir və bilməlidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və bu il bu istiqamətdə əlavə addımlar atılacaqdır".

Nazirlər Kabinetinin iclası - 11.01.2019
Nazirlər Kabinetinin iclası - 11.01.2019