Prezident: "Adam dəhşətə gəlir, bura Bakıdır, yoxsa, haradır?"

12 Yanvar, 2019 10:05 | Siyasət | Baxış sayı: 1054
Prezident Yanardağda
Prezident Yanardağda

"Sözün düzü, mənim oraya yolum düşmürdü"

"Bizdə turizm sənayesi yaradılmalıdır. Azərbaycanda olan bütün amillər turizmin sürətli inkişafını şərtləndirir. Təhlükəsizlik, qonaqpərvərlik, tarixi abidələrimiz, gözəl iqlimimiz, 9 iqlim tipi, dəniz turizmi, dağ-xizək turizmi, müalicəvi turizm bizdə çox sürətlə inkişaf edə bilər". Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı bu barədə bildirib. 

O, qeyd edib ki, ölkədə gözəl mətbəx, müasir infrastruktur, otellər, yollar, nəqliyyat infrastrukturu, 6 beynəlxalq aeroport var və bütün bu amillər turizmin sürətli inkişafını təmin etməlidir. 

"Bizim tarixi yerlərimizin yenidən qurulması, bərpası istiqamətində çox böyük işlər görülür. Deyə bilərəm ki, bu il böyük turist kütləsini cəlb edən Yanardağ qoruğu yenidən fəaliyyətə başlayacaq. Çünki mən keçən il orada olarkən acınacaqlı mənzərədən dəhşətə gəldim. Mən Yanardağda sovet vaxtında olmuşam. O vaxtdan bu günə qədər heç nə dəyişilməyib - həmin o dağılmış binalar, eybəcər budkalar. Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır? Sözün düzü, mənim oraya yolum düşmürdü.

Əlbəttə, mən orada olarkən dərhal göstəriş verdim ki, o tarixi yer yenidən qurulsun və bu il biz artıq buna nail olacağıq. Həm Azərbaycan vətəndaşları, həm də turistlər orada tam yeni bir mənzərə ilə üzləşəcəklər. Orada yeni istirahət zonaları, ictimai zonalar, kafe yaradılacaq. Yəni, bu yer bizim inkişafımıza uyğun şəkildə yenidən qurulacaq.

Digər tarixi şəhərlərlə bağlı göstərişlər verilib ki, bu şəhərlərin, xüsusilə turistləri daha çox cəlb edən şəhərlərin məsələləri öz həllini tapsın".

Yanardağ
Yanardağ

Dövlət başçısı bu il sosial infrastrukturla bağlı işlərin görüləcəyini də deyib. "İlkin hesablamalara görə, bu il təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək. Hələlik biz bu rəqəm üzərində dayanırıq, amma il ərzində baxarıq, əgər imkan olarsa, bunu daha da artıra bilərik. 

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə evlərin verilməsi prosesi davam etdiriləcək. Əgər keçən il 626 mənzil verilibsə, bu il ən azı 800 mənzil veriləcək. 

Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dərhal sonra şəhid ailələrinin vərəsələrinə, - o vərəsələrə ki, o yardımı, o müavinəti almayıblar,- mənim Sərəncamımla 11 min manat vəsait nəzərdə tutulur. Artıq vəsaitin verilməsi prosesi başlanmışdır. Bu günə qədər siyahıda 10 minə yaxın vərəsə var. Onların hamısına 11 min manat veriləcəkdir. Eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür. Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq. Yəni, bu təşəbbüs, bu addım bir məqsədi güdürdü ki, vaxtilə o vəsaiti almayan ailələr o vəsaiti alsınlar. Bunu da biz təmin edirik. Yenə də demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcək".

Prezident İlham Əliyev
Prezident İlham Əliyev