Xaçmazın Canaxır və Armudpadar kəndlərində yaşayan şəhid ailələri və 2-ci Qarabağ döyüşlərində yaralanmış hərbçilər rayon rəsmiləri tərəfindən ziyarət edilib.
İstiPress-in şimal bürosunun məlumatına görə, Xaçmaz İH başçısı Elnur Rzayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə imtiyazlı ailələrə baş çəkib, qayğı və problemlərilə maraqlanıb.
Rayon rəhbəri şəhid ailələrinə ölkədə böyük ehtiram və diqqət olduğunu deyərək, qeyd edib ki, 2-ci Qarabağ müharibəsində şəhidlərimiz xalqa tarixi qələbəni qazandırdılar:
"Özləri daimi əbədiyyətə qovuşaraq hər birimizin qəlbində ölməzlik statusu həkk etdilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlər ərazi bütövlüyümüzün bərpasına və şanlı zəfər çalmağımıza şərait yaratdı."
Xaçmaz İH başçısı Elnur Rzayev şəhid ailələrinə səbr və dözüm, sağlamlıq arzulayıb. Yaralı döyüşçülərin də tezliklə şəfa tapmasını arzu edən Elnur Rzayev bu ailələrin problemlərinin həllində zəruri köməklik ediləcəyini də diqqətə çatdırıb.