Türkiyə AB-nə meydan oxudu - "Geri çəkilməyəcəyik"

11 Dekabr, 2019 09:42 | Siyasət | Baxış sayı: 79
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Ərdoğan müsəlman olduqları üçün quruma qəbul edilmədiklərini deyib

"Bizi Avropa Birliyinə qəbul etmirlər. Deyirlər ki, əhalinin sayı çoxdur. Amma əsl səbəb bu deyil. Gerçək səbəb müsəlman olmağımızdır". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

"Hər insan bir dünya" adlı tədbirdə gənclərin suallarına cavab verən prezident bildirib ki, AB üzvü ölkələr arasında əhalisi müsəlman olan bir dövlət yoxdur. Ərdoğanın sözlərinə görə, gerçəyi demirlər. "Bir ara Fransanın bir xarici işlər naziri var idi. Şəxsi görüş zamanı dedi ki, "sizi AB-nə qəbul etməyəcəklər, boşuna cəhd etməyin". Soruşdum ki, niyə?. "Siz müsəlmansınız" dedi. Amma bunu bizim üzümüzə demirlər. Öz aralarında toplananda danışırlar". Ərdoğan Türkiyənin geri addım atmaqda niyyətinin olmadığını da qeyd edib. "Biz geri çəkilməyəcəyik". 

"Bundan 17-18 il öncə AB-yə möhtac Türkiyə var idi. Amma indi yoxdur. Artıq öz işimizi özümüz görürük. Artıq dəyişən bir Türkiyə var". 

Ərdoğan bildirib ki, bu gün Türkiyənin gəldiyi məqamı həzm edə bilməyənlər var. "Onun üçün biz güclənəcəyik, daha da güclü olacağıq. Güclü olduqca isə önümüzdə heç kim dayana bilməyəcək".