"Time" 16 yaşlı qızı “İlin adamı” seçdi - FOTO

11 Dekabr, 2019 17:52 | Siyasət | Baxış sayı: 116

“Biz sadəcə sabahın olmadığını dərk edərək yaşaya bilmərik"

Amerikanın məşhur “Time” jurnalı “İlin adamı”nı açıqlayıb.

İstiPress-in nəşrin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qalib İsveçdən olan 16 yaşlı iqlim fəalı Qreta Tunberq olub. 

Nəşrin heyəti Portuqaliyada okean sahilində dayanan məktəbli Tunberqin şəklini “Gəncliyin gücü” imzası ilə təqdim edib. 

“Biz sadəcə sabahın olmadığını dərk edərək yaşaya bilmərik, çünki o, mövcuddur”, - deyə jurnal Qreta ilə bağlı açıqlamasında qeyd edib.

Qeyd edək ki, Tunberq qlobal ekoloji hərəkatın liderlərindən biridir. İqlim dəyişikliyi, qlobal istiləşməyə etiraz edən Qretanın fəaliyyətinin ilkin mərhələsi “İqlim üçün məktəb tətili”dir. O, keçən ilin avqustunda məktəbə getməkdən imtina edərək İsveç Parlamenti qarşısında tətilə başlayıb. 2019-cu il martın 15-də 112 ölkədən təxminən 1 milyon 400 min şagird bu aksiyaya qoşulub. Tətillərlə yanaşı Qreta bir çox etiraz aksiyası və beynəlxalq tədbirlərdə iştirak edib.

O tələb edir ki, ölkələr Paris İqlim Sazişinə (Paris İqlim Sazişi 2015-ci ildə Fransanın Paris şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ilə bağlı tərəflərin imzaladığı sazişdir. Bu saziş qlobal istiləşmənin 2°C-dən, hətta 1.5 dərəcədən az olmağını təmin etməyi nəzərdə tutur) riayət etsin və onun tələblərini yerinə yetirsin. Tunberq, xüsusilə inkişaf etmiş ölkələrə çağırış edir. Çünki Qreta düşünür ki, inkişaf etmiş ölkələr dəyişikliyi reallaşdırsa, kasıb ölkələrin də iqlim dəyişikliyi ilə mübarizəsi asanlaşacaq.

Dörd il əvvəl Qretaya autizmin bir forması olan Asperger sindromu diaqnozu qoyulub. Onun həm də selektiv mutizm xəstəliyi var. Yəni, o, ehtiyac yaranmadıqca danışmır.