İordaniya kralının Bakı səfəri bitdi FOTO

11 Dekabr, 2019 08:35 | Siyasət | Baxış sayı: 39
İordaniya kralı prezident İlham Əliyevlə
İordaniya kralı prezident İlham Əliyevlə

II Abdullah ibn Al Hüseyn ötən gün başlayan səfəri zamanı prezident İlham Əliyevlə görüşüb

İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İordaniya Kralının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İordaniya Kralı II Abdullahı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

Xatırladaq ki, ötən gün Azərbaycanda səfərdə olan İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə prezident İlham Əliyev arasında təkbətək görüşü olub. Prezident qonağı salamlayıb.

"Mənim dəvətimi qəbul edib bizə səfər etdiyiniz üçün Sizə təşəkkür edirəm. Bu səfər ikitərəfli gündəliyimizdəki vacib məsələlərlə bağlı bir daha müzakirələr aparmaq üçün çox yaxşı imkandır. Bu yaxınlarda biz Soçidə görüşdük və bizim söhbət etmək imkanımız oldu.

Şadam ki, bu il İordaniyadan Azərbaycana gələn turistlərin sayında artım olub. Artım 20 faizdən çoxdur. Hesab edirəm ki, biz insanların bir-birilərini daha tez-tez ziyarət etmələri üçün birbaşa hava əlaqəsinin yaradılması imkanını da müzakirə edə bilərik. Bir daha xoş gəlmisiniz və Sizə Bakıda xoş vaxt keçirməyi arzu edirəm".

Kral da Bakıda olmaqdan şad olduğunu deyib. "Dediyiniz kimi, əziz qardaşım, bizim siyasi, kəşfiyyat, hərbi sahələrdə əlaqələrimiz güclüdür. İqtisadiyyat sahəsini inkişaf etdirə bilərik. Əminəm ki, bu gün müvafiq görüşlərimiz olacaq. Lakin buraya gəlmək istədim ki, Sizə regionda və dünyada oynadığınız rolunuza görə təşəkkürümü bildirim. İnanıram ki, İnşallah, regionumuzda olan çağırışların öhdəsindən gəlmək üçün daha çox məsələlərlə bağlı müzakirələr apara bilərik. Mən Sizin liderliyinizə, ölkəmizə münasibətdə xeyirxahlığınıza və dəstəyinizə hər zaman arxalanıram. Bu xoş dostluğa görə Sizə təşəkkür edirəm".

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə işçi nahar edib.