Soçidə 18 sənəd imzalandı - YENİLƏNİB

11 Oktyabr, 2017 18:34 | Siyasət | Baxış sayı: 328
Soçi toplantısı
Soçi toplantısı

Azərbaycan prezidentinin səfəri başa çatdı

Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasın sonunda sənədlərin imzalanması mərasimi olub. Ümumilikdə, qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalanıb.

Daha sonra MDB Dövlət Başçıları Şurasının və Ali Avrasiya İqtisadi Şurasının iclaslarında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.

Azərbaycan prezidentinin  Soçi şəhərinə səfəri oktyabrın 11-də başa çatıb.

saat 15:48

Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdirdilər.

Dövlət başçıları birgə foto çəkdirdikdən sonra iclas öz işinə başladı.

İclasın gündəliyinin kifayət qədər zəngin olduğunu deyən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirdi ki, burada MDB çərçivəsində qarşılıqlı əlaqələrin gələcəkdə möhkəmləndirilməsi yolları müzakirə olunacaq, əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Rusiya Prezidenti vurğuladı ki, iclasda əsas diqqət ənənəvi olaraq iqtisadi, ticari və investisiya qoyuluşu sahələrində əlaqələrin inkişafına yönələcək. Prezident Vladimir Putin qarşılıqlı maraqlara əsaslanan yeni iri layihələrin həyata keçirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğuladı, görüşün mədəniyyət, təhsil, elm, turizm sahələrində təcrübə mübadiləsinin genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə etdi.

Sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev qeyd etdi ki, iclasın gündəliyi 16 məsələdən ibarətdir. Təqdim olunan sənədlərin layihələri ekspertlər tərəfindən araşdırılıb, ölkələrin nümayəndələri ilə razılaşdırılıb. İqtisadi sahəyə aid sənədlər isə MDB İqtisadiyyat Şurası tərəfindən təsdiq olunub.

lham Əliyev Soçidə MDB Dövlət Başçıları Şurasının iclasında
lham Əliyev Soçidə MDB Dövlət Başçıları Şurasının iclasında

saat 15:26

Rusiyanın Soçi şəhərində MDB ölkələri dövlət başçılarının sammiti başlayıb.

Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə əsas diqqət təşkilatın, onun icra strukturlarının və orqanlarının bundan sonrakı fəaliyyətinin effektivliyini yüksəltməyə yönəldiləcək. MDB-də sədrliyin 2018-ci ildə Rusiyadan Tacikistana keçməsi haqqında qərar veriləcək. 

Sammitin əsas mövzusu iqtisadi əlaqələrin inkişafı, hərbi əməkdaşlıq və mədəni- humanitar əlaqələrin intensivləşdirilməsi olacaq.

Toplantıda bir sıra çoxtərəfli sənədlərin imzalanması planlaşdırılır. Bu sənədlərə MDB çərçivəsində humanitar-mədəni, hüquq-mühafizə və hərbi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi aiddir.