Azərbaycan qələbə çalır, ermənilər sevinir

11 Oktyabr, 2017 12:08 | Siyasət | Baxış sayı: 2244
Bakı vağzalı
Bakı vağzalı

Ermənistan Gürcüstanın yardımına ümid edir

Ermənistanın bir çox ekspertləri bu ay istifadəyə veriləcək Bakı - Tiflis - Qars (BTQ) dəmir yolunun açılmasına sevinirlər.

İstiPress-in məlumatına görə, bu, 10 il qabaq BTQ-nin əsası qoyulan zaman Ermənistanın və erməni diasporunun göstərdiyi münasibətdən xeyli fərqlənir.

2007-ci ildə erməni lobbisi dünyanın bir çox mərkəzlərinə müraciət edərək bu kəmərin Ermənistanı tam blokadaya salmağa xidmət etdiyini bildirirdilər və ona görə kəmərə dəstək verməməyi xahiş edirdilər. Onlar alternativ kimi mövcud Qars - Gümrü dəmir yolundan istifadə etməyi tələb edirdilər. Bu variantda Türkiyə və Azərbaycan bu layihədən əl çəkməli və Ermənistana qarşı Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra tətbiq etdikləri blokada rejimini dayandırmalı idilər. Təbii ki, Türkiyə və Azərbaycan, o cümlədən Gürcüstan heç bir kənar təzyiqə baxmadan layihəni gerçəkləşdirdilər. 

Bakı - Tiflis - Qars dəmir yolu
Bakı - Tiflis - Qars dəmir yolu

Amma indi vəziyyət dəyişib və ermənilərin içində başqa cür düşünənlər peyda olublar. Onlar BTQ-nin Ermənistanı blokadadan çıxaracağına çox ümid edirlər.

Məsələn, əslən Qarabağdan olan erməni şərhçi Naira Ayrumyan ehtimal edir ki, bu kəmər Ermənistana öz yüklərini Londona qədər göndərməyə imkan yaradacaq. O, "Largir"də yazdığı məqalədə Türkiyənin Bosforun altından keçən dəmir yolu tunelini işə saldığını da xatırladır.

“Ermənistan Gürcüstanla dəmir yolu ilə bağlıdır, Gürcüstan rəsmi şəxsləri bildirirlər ki, Tiflis qonşuları tərəfindən Gürcüstanın yeni infrastrukturlarının istifadəsini yalnız alqışlaya bilər. Heç bir qadağan erməni yüklərinin  Bakı -Tiflis - Qars dəmir yolu ilə hərəkətinə mane ola bilməz”,- deyə Naira Ayrumyan iddia edir.

Eyni fikri Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun  əməkdaşı Vaqram Ter-Matevosyan “Sputnik”ə müsahibəsində bildirib:

"İrəvan Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə münasibətini dəyişməlidir. Dəmir yoluna yüklərin Avropaya göndərilməsi imkanı kimi baxılmalıdır".

Ermənistan bu məslədə ilk növbədə Gürcüstanın dəstəyinə ümid bağlayır. Amma iki ölkə arasında münasibətlər yetərincə gərgindir və çətin ki, Gürcüstan bu işə dəsək verə bilər. Məsələn, bir neçə gün öncə Gürcüstan mətbuatınada Tiflisin Ermənistan tərəfindən bu ölkəyə səfir kimi təyin edilmiş Sergey Minasyanın namizədliyini təsdiq etmədiyindən yazmışdılar. Eyni zamanda, gürcü torpağına erməni xaçkarları yerləşdirilməsi üzündən son günlərdə az qala iki ölkə arasında silahlı toqquşma baş verəcəkdi. 

Bakı - Tiflis - Qars dəmir yolunda tunel
Bakı - Tiflis - Qars dəmir yolunda tunel

Əgər Gürcüstan layihədən Ermənistanın da istifadəsinə razılıq versə belə, həmin yüklərin Avropaya getməsi üçün əsas razılığı Türkiyə verməlidir. Ankaranın belə razılığı verməsi isə ilk baxışda inandırıcı gəlmir. Yəni ortada Azərbaycan nümunəsi var - Ermənistan üçün nəzərdən tutulmuş yüklər Rusiyadan dəmir yolu vasitəsi ilə Gürcüstana keçə bilmir və əksinə - Gürcüstan Ermənistandan gələn yükləri Azərbaycan vasitəsi ilə Rusiyaya göndərmir. Bu səbəbdən Ermənistanla Gürcüstanı birləşdirən Gümrü - Axalkalaki dəmir yolu çoxdan istifadə edilmədiyindən baxımsız hala düşüb.

Ermənistan Dövlət İdaertmə Akademiyasının Gürcüstan məsələləri üzrə eksperti Conni Melikyan da “Sputnik”ə müsahibəsində bu məsələyə toxunub: "Layihə ilk başdan siyasi idi. Elə ilk başdan Ermənistanın təcridinə yönəlmişdi" - deyən ekspert Gürcüstanın bu məsələdə Azərbaycanın əleyhinə getməyəcəyini vurğulayıb.

Conni Melikyanın sözlərinə görə, Tiflis bu layihədən böyük gəlirlər və böyük sərmayələr əldə edir. Ancaq onun fikrincə, Ermənistan Vaşinqtonun və Brüsselin vasitəsi ilə öz maraqlarını lobbiləşdirə bilər.

Məsələ aydındır - indən belə Ermənistan çalışacaq ki, Amerika və Avropa Birliyinin vasitəsi ilə Türkiyəyə və Gürcüstana BTQ-də iştirakına icazə verilməsi üçün təzyiq etdirsin. Azərbaycan bu məsələni diqqət altında saxlamalıdır və qardaş Türkiyənin bütün təzyiqlərə əzmlə sinə gərib Ermənistanın bu layihəyə qoşulmasına icazə verməməsinə nail olmalıdır.

Çingiz Rüstəmov / İstiPress