Bakıda siyasi partiyalar bir yerə toplandı - bəyanat qəbul edildi

11 Sentyabr, 2019 13:45 | Siyasət | Baxış sayı: 107
Bakı
Bakı

Dəyirmi masa “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda olub

Bakıda siyasi partiyalar, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda "dəyirmi masa" keçirilib.

Hakim Yeni Azərbaycan Partiyasının iştirak etdiyi tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, habelə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və başqaları iştirak ediblər.

YAP sədrinin müavini Əli Əhmədov ölkə müxalifətini milli maraqlardan çıxış etməyə çağırıb. O, xaricdəki mühacirlərin fəaliyyətini tənqid edib.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyri-hökumət təşkilatlarının xaricdən qrant ala bilməməsinə toxunub. O deyib ki, bu problemlər aradan qaldırılsa, yaxşı olar. O, siyasi fəaliyyətinə görə həbs edildiyi iddia edildiyi şəxslərin azadlığa buraxılmasını təklif edib: "Buraxaq, daha başımız ağrımasın…

Biz rayonlara gedirik, vəziyyəti görürük. Bəzi məmurlar insanları narazı salırlar. Bunun qarşısı alınmalıdır".

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn dialoq tərəfdarı olduğunu qeyd edib.

Toplantının sonunda bəyanat qəbul edilib.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı və KXCP sədri Mirmahmud Mirəlioğluya dəvət göndərilsə də, onlar "dəyirmi masa"ya qatılmayıblar.