Azərbaycanın şimalında yeni turizm marşrutu

11 Avqust, 2019 15:51 | Siyasət | Baxış sayı: 290
Buduq kəndi - Quba rayonu
Buduq kəndi - Quba rayonu

Buradan hər tərəf - hətta Dərbənd qalası da görünür

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə yerlərdə əhali ilə silsilə görüşlər keçirilməsi Qubada yeni bir möhtəşəm turizm zonasının mövcudluğunu gündəmə gətirib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Quba icra başçısı Ziyəddin Əliyevin rayonun ucqar, mərkəzdən 40 km aralıda yerləşən Buduq kəndində yerli sakinlərlə səyyar görüşü zamanı rayon rəhbərinə bir sıra təkliflər verilib.

Rayonun  hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilat və idarə rəsmilərinin də qatıldığı görüşdə 4 kəndi əhatə edən, ümumilikdə 228 təsərrüfatı, 865 nəfər əhalisi olan Buduq inzibati ərazi vahidliyinə gələn - Qrız Dəhnə kəndindən ayrılan 14 km dağ yolunun çox bərbad olduğu diqqətə çatdırılıb. Kənddə modul tipli məktəbə ehtiyac olması, məscidin bərpası, elektrik xətlərinin yenilənməsi kimi məsələlərin həll edilməsi başçıdan xahiş edilib. Nümayəndəliyin Dağüstü, Zeyid, Buduq kəndlərinə gələn, illərdir təmir görməyən yolların bərpası məsələsi yerindəcə həll olunub. Icra başçısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayon şöbəsinin rəisi Gülağa Əliyevə dərhal Buduğa gələn yolun təmir edilməsi barədə tapşırıq verib və rayonun daxili imkanları hesabına qısa vaxt ərzində yolun təmir edilib rahat vəziyyətə gətiriləcəyini deyib.

Səyyar qəbuldan sonra iştirakçılar və rayon rəhbəri Ziyəddin Əliyev dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Buduq kəndi ilə ətraflı tanış olublar: küçə boyu görünən sakinlərlə görüşüblər, qədim evlərə, dağ massivinə baş çəkərək səfalı mənzərənin, əsrarəngiz təbiət lövhələrinin gözəlliyini şahidi olublar. Dəniz səviyyəsindən 2800 metr hündürlükdə yerləşən, buduqluların milli dillərində "Caf"adlandırdığı (mənası rütubət, nəmişlik) ərazidə mətbuat nümayəndələrinə müsahibə verən Ziyəddin Əliyev bu qədim kəndin turizm potensialının çox yüksək olduğunu deyib. IstiPress-ə açıqlamasında Quba icra başçısı Ziyəddin Əliyev bu dağ kəndində gördüklərindən çox böyük ləzzət aldığını və buradan hər tərəfin - hətta Dərbənd qalasının da göründüyünü söyləyib:

"Azərbaycanın hər guşəsi gözəldir, amma Buduq kəndi həqiqətən çox möhtəşəm, unikaldır. Mən buradakı yüksəklikdən Xəzər dənizini, Xaçmazı, Qusarı, hətta Dərbənd qalasını aydınca gördüm. Hava açıq olanda hər yer adamın ovcunun içi kimi təmiz görünür".

Ziyəddin Əliyev hesab edir ki, Buduq kəndi Quba üçün yeni turizm marşrutu sayıla bilər. Burada turizmin hərtərəfli inkişafı üçün imkan olduğunu bəyan edən cənab Əliyev dövlət başçısı İlham Əliyevin ölkədə yeni turizm ocaqlarının salınmasında çox maraqlı olduğunu, yerlərə məhz onun xüsusi tapşırığı ilə səfər etdiklərini qeyd edib və kəndin yolu hazır olduqdan sonra burada müasir turizm obyektlərinin  inşa edilməsi üçün iş adamlarına münbit şərait yaranacağını söyləyib:

"Buduq kəndinin məşhur turizm zonası kimi tanınmasına çalışmalıyıq.Mən rayon rəhbəri kimi müəyyən məsələlərdə   bu sahəyə diqqət ayıracaq iş adamlarına köməklik etməyə hazıram."

Buduq kəndi - Quba
Buduq kəndi - Quba

Qeyd edək ki, Qubanın etnik buduqlularının yaşadığı Buduq kəndi rayonun ən qədim yaşayış məntəqələrindəndir. Quba xanlığı dövründə mahal kimi tanınan Buduqda 21 nəfərə bəy rütbəsi məhz bu kəndin adamlarına verilib. Hazırda Buduq kəndinin özündə 56 təsərrüfatda 235 nəfər sakin yaşayır. Sakinlərlə görüşdə rayon rəhbəri onu da deyib ki, nəinki indi Buduqdan köçmək, hətta Buduğa axın etmək lazımdır. Bu kəndin tarixiliyinin, qədimiliyinin arxeoloji baxımdan da araşdırılmasının vacibliyi  diqqətə çatdırılıb.

Başçının səyyar qəbulundan sonra camaata verilən sözə dərhal əməl edilib. Quba icra başçısının Buduq İƏD üzrə nümayəndəsi Şahin Həsənov İstiPress-ə isti-isti məlumat verdi ki, artıq yol-istismar idarəsi Buduq yolunun bərpasına başlayıb, əraziyə lazımi texnikalar gətirilib və işlərə başlanılıb.

Kəndlilərin məktəb və məscidin bərpası ilə bağlı qaldırdığı məsələlər də tədricən öz həllini tapacaq. Əsas camaatı ciddi narahat edən yol problemi həll edilirsə, digər məsələlər də müsbət həll olunacaq. Buduq kəndinin turizm zonası kimi tanınması da... İş adamlarımız Buduğu tanımaq üçün artıq  rahat yoldan istifadə edə biləcəklər.