Tramp Avropada Almaniyanı təhqir etdi

11 İyul, 2018 14:00 | Siyasət | Baxış sayı: 70
Donald Tramp
Donald Tramp

"Niyə Rusiyaya milyardlar ödəyirsiz?"

ABŞ prezidenti Donald Tramp NATO-nin Zirvə toplantısında iştirak etmək üçün getdiyi Belçikanın paytaxtında Almaniyaya qarşı sərt çıxış edib. O, Almaniyanı Rusiyanın əsiri adlandırıb. Bunu isə Almaniyanın Rusiyadan böyük həcmdə təbii qaz alması ilə izah edib. 

NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə amerikalı lider Almaniyanın müdafiə xərclərini artırmamasını və Rusiya ilə enerji sahəsindəki əməkdaşlığını tənqid edib.

"Avropanı Rusiyadan qorumalı olduğumuz deyilir. Onda nə üçün NATO ölkələri enerji üçün Rusiyaya milyardlarla dollar ödəyir? Almaniya Rusiyaya böyük ödənişlər edir. Bunun üçün də o Rusiyanın əsiridir". O, qeyd edib ki, Rusiya təbii qaz sayəsində Almaniyanın 70 faizinə nəzarət edəcək.

Tramp NATO müttəfiqlərinin 10 il ərzində yox, anındaca müdafiə xərclərini artırmalı olduğunu deyib. "Bu qəbuledilməzdir. Biz Almaniya, Fransanı, hər kəsi qoruyuruq. Çox pul xərcləyirik. İllərdir bu şəkildə davam edir. ABŞ-ın digər prezidentləri də bunu gündəmə gətirib, amma heç bir iş görülməyib. Bu bizim ölkəmiz üçün böyük haqsızlıqdır.

Almaniya çox varlı ölkədir. Müdafiə xərclərini günü sabah artıra bilər və heç bir problem yaşamaz".