Sarkisyanın ətrafı məhv edilir

11 İyul, 2018 10:01 | Siyasət | Baxış sayı: 72
Serj Sarkisyan - Ermənistan keçmiş prezidenti və keçmiş  baş naziri
Serj Sarkisyan - Ermənistan keçmiş prezidenti və keçmiş baş naziri

Keçmiş prezidentin yaxınları bir-bir sıradan çıxarılır

Serj Sarkisyanın ətrafında çəmbər get-gedə kiçilir. Bu yaxınlarda o da etdiklərinin cəzasını alacaq. Keçmiş prezidentin ailə üzvləri və yaxın ətrafı polis üçün hədəfə çevrilib.

Milli Təhlükəsizlik Xidməti bir neçə saat ərzində onun qardaşı Aleksandr Sarkisyanın evində axtarış aparıb. “Joxovurd” qəzeti belə yazır. Axşam saatlarında o oğlu ilə polis idarəsinə aparılıb. Xidmət əməkdaşları isə evdən gecə saatlarına kimi qutular, qablaşdırmalar və s daşıyıb. Məlumata görə, onun evindən silah-sursat, valyuta, qızıl-zinət əşyaları tapılıb.

Sarkisyanın ikinci qardaşı Levon və iki övladına qarşı isə qanunsuz varlanma ilə bağlı ittiham irəli sürülüb. Qəzet yazır ki, Sarkisyanın çox yaxın adamlarından olan, “toxunulmaz kral” Barseq Baqasaryan da zorakılıqda, özbaşınalıqda ittiham edilir.

Bir sözlə hüquq mühafizə orqanları bütün diqqətini keçmiş prezidentin yaxın ətrafının araşdırılmasına cəmləyib. Maraqlıdır ki, onun özü sakitliyini qoruyur və heç cürə baş verənlərə reaksiya vermir. Onunla telefon əlaqəsi yaratmaq cəhdləri də uğursuz olub. Görünür Sarkisyan ancaq məhkəmədə danışacaq.