Mərhum şair öz rayonunda türk və qazax şairlərlə birgə anıldı

11 İyun, 2019 16:55 | Siyasət | Baxış sayı: 133

Qubada mərhum şair Ələkbər Salahzadəyə tədbir həsr olunub

Qubada 9-cu Şairlər günü qeyd olunub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Azərbaycan Yazlçılar Birliyinin və Quba İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən söz günündə Bakıdan gəlimiş poeziya nümayəndələri, yerli şairlərlə birgə Qazaxıstan və Türkiyədən gəlmiş şairlər də iştirak edib. Quba İH başçısı Ziyəddin Əliyev mötəbər poeziya gününün rayonda keçirilməsini xüsusi qiymətləndirib. O, Qubadakı poeziya gününün əslən Qubadan olan mərhum şair Ələkbər Salahzadəyə həsr olunmasını dövlət səviyyəsində şerə, sənətə verilən qiymət kimi dəyərləndirib.

Qubalı şair Ramiz Qusarçaylı mərhum Ələkbər Salahzadənin xatirəsinin anılmasından çox məmnun olduğunu bildirib. O, Quba torpağının yetirməsi olan Ələkbəf Salahzadınin xatirəsini yad etdiklərinə görə təşkilatçılara minnətdarlıq edib. "Özüm də təşkilatçılardan biriyəm, mən çox sevinirəm ki, mərhum şairimizin ruhu şad oldu bu gün",- deyən Ramiz Qusarçaylı şeirlərini tamaşaçılara ərmağan edib.

Quba poeziya günündə Qazaxıstan Yazıçılar Birliyinin Almatı filialının rəhbəri Erlan Yunus, Türkiyənin Elm və ədəbi əsər sahibləri Birliyinin üzvləri  Mehmet Ali Kalkan, İlter Yeşilay, Turan Düz, Mehmet Özkoca qubalı poeziya həvəskarlarına şeirlərini oxuyublar.

Azərbaycanda Şairlər günü 2011-ci ildən qeyd olunur. İlk şairlər günü nakam şairimiz Mikayıl Müşfiqə həsr olunub. Bu ilki şairlər günü mayın 31-dən start götürüb. İndiyədək Gəncədə Nigar Rəfibəylinin, Şamaxıda Mirzə Ələkbər Sabirin xatirələri anılıb. Tədbir iştirakçıları bu gün Şəkiyə yola düşüb. Qədim Şəkidə Bəxtiyar Vahabzadənin xatirəsi anılacaq.