İlham Əliyevdən yeni təyinatlar

11 May, 2018 18:39 | Siyasət | Baxış sayı: 312
Fərəh Əliyeva
Fərəh Əliyeva

Prezident İlham Əliyev Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, əvvəllər bu vəzifəni Fatma Abdullazadə tutub. Bildirildiyinə görə, Fərəh Əliyeva professor Şirməmməd Hüseynovun qızıdır.

Fərəh Şirməmməd qızı Əliyeva 7 sentyabr 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən bu ali məktəbdə çalışıb, dərs deyib, Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı olub. 1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildən 2006-cı ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb.

1994-cü ildə "XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1995-ci ildən dosent, 2005-ci ildən professor adına layiq görülüb. 2008-ci ildə isə "XX əsrin birinci yarısının tarixi inkişaf kontekstində Azərbaycan musiqi mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Fərəh Əliyeva həm də Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının musiqişünaslıq və incəsənət bölməsinin üzvü və elmi katibidir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

2 may 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. 3 mart 2017-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilib.
Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Rövşən Çingiz oğlu Nəcəf təyin olunub.