İlham Əliyev Paşinyanın cavabını verdi: "Heç vaxt olmayacaq"

11 May, 2018 08:45 | Siyasət | Baxış sayı: 763
İlham Əliyev
İlham Əliyev

"Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki..."

"Tam əminliklə deyə bilərəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, Azərbaycan rəhbəri kimi heç vaxt imkan verməzdi ki, separatçı meyillər baş qaldırsın və Dağlıq Qarabağ münaqişəsi başlasın". İstiPress-in məlumatına görə, bunu ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə prezident İlham Əliyev deyib. 

Prezidentin sözlərinə görə, onun qətiyyəti, cəsarəti, nüfuzu heç vaxt imkan verməzdi ki, belə meyillər mövcud olsun. "Ancaq ondan sonrakı rəhbərlər, əfsuslar olsun ki, zəiflik göstərib, prinsipiallıq göstərməyiblər və onlar üçün öz şəxsi karyerası xalqın mənafeyindən qat-qat böyük əhəmiyyət kəsb edirdi.

1990-cı ilə qədər Heydər Əliyev pensiyaçı kimi yaşayırdı. Baxmayaraq ki, Heydər Əliyevə qarşı mərkəzdə təşkil edilmiş qarayaxma kampaniyaları aparılırdı, ancaq Azərbaycan xalqı ona olan hörmətini daim öz qəlbində yaşadırdı. 1990-cı ilin faciəvi günlərində Heydər Əliyev əsl lider kimi yenə də öz xalqının yanında yer tutdu, xalqa yol göstərdi. Mən o dəhşətli günləri yaxşı xatırlayıram, sovet hökuməti, sovet rəhbəri tərəfindən Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi.

Heydər Əliyevin 95 illik yubileyi
Heydər Əliyevin 95 illik yubileyi

Heydər Əliyev doğma Vətənə üz tutur və Bakıya gəlir. Əfsuslar olsun ki, Bakıda da ona yaşamağa imkan vermədilər və Naxçıvana - doğulduğu yerə gedib orada yaşamağa məcbur olur və Azərbaycan xalqı onun ətrafında birləşməyə başlayır. Azərbaycan xalqı açıq-aydın görürdü ki, bu ağır vəziyyətdən xalqı ancaq Heydər Əliyev çıxara bilər, xalqı ancaq o xilas edə bilər. Naxçıvanlılar onun ətrafında sıx birləşərək Heydər Əliyevi Ali Məclisin Sədri vəzifəsinə seçdilər və o, Naxçıvanı işğaldan qorudu. Çünki o vaxt Ermənistan Naxçıvanı da işğal etmək istəyirdi. Ancaq Heydər Əliyev buna imkan vermədi. Naxçıvanlılar da Heydər Əliyevi qorudular. Çünki o vaxt - 1992-ci ildə hakimiyyəti qanunsuz, dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat hakimiyyəti Heydər Əliyevə qarşı işlərə başlamışdı və Naxçıvanda da çevriliş etmək fikirləri var idi". 

Prezident Qarabağ münaqişəsindən də bəhs edib. O, qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. "Münaqişənin digər həlli yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaq. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Əgər kimsə başqa cür fikirləşirsə, hesab edirəm ki, o, əbəs yerə illüziyalarla yaşayır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə və qeyd-şərtsiz təmin edilməlidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu tarix deyir, mədəniyyət deyir, bunu beynəlxalq hüquq deyir. Dağlıq Qarabağda keçirilmiş son qondarma “referendum” heç bir ölkə, heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Bu, bir daha onu göstərir ki, beynəlxalq aləm, bütün ölkələr Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz öz prinsipial mövqeyimizi bundan sonra da gücləndirəcəyik".