Türkiyədə küçəyə çıxmaq qadağan edildi

11 Aprel, 2020 09:30 | Siyasət | Baxış sayı: 80
Boş qalmış küçələr
Boş qalmış küçələr

Qadağa 48 saat qüvvədə olacaq

Türkiyə hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində 2 günlük küçəyə çıxma qadağası elan edib. Qadağa bu gecədən başlayıb.

11 aprel saat 00:00-dan Zonquldağda və 30 şəhərdə (Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbəkır, Ərzurum, Eskişehir, Qaziantep, Hatay, İstanbul, İzmir, Qəhrəmanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van) sakinlərin küçəyə çıxmasına qadağa qoyulur. Qadağa 48 saat davam edəcək. 

Səhiyyə və təhlükəsizlik əməkdaşları bu qadağalardan azaddırlar. Bundan başqa çörək bişirmə müəssisələri, apteklər, xəstəxanalar açıq olacaq, ancaq birinci dərəcəli qohumların dəfnində iştiraka icazə veriləcək. Qadağanı pozanlara qarşı sərt tədbirlər görüləcək. 

Daxili işlər naziri Süleyman Soylu əhalini panikaya düşməməyə çağırıb və bildirib ki, qadağa bazar günü bitəcək. 

Qeyd edək ki, qərar qadağa qüvvəyə minməmişdən qısa müddət öncə açıqlanıb. Bunun üçün də evində ərzaq ehtiyatı yaratmaq istəyən insanlar küçələrə, marketlərə axışıblar.