Dünya gözəli Azərbaycan Ordusunda - FOTOLAR

11 Aprel, 2017 09:20 | Siyasət | Baxış sayı: 508
Tehranə Behruzi
Tehranə Behruzi

Azərbaycanın ən gözəl xüsusi təyinatlısı bilinməyənlərdən danışdı

"II Vice Mrs. Top of the World-2015" titulunun sahibi, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusu Tehranə Bəhruzi Sputnik Azərbaycan-ın adətən kişilərin məşğul olduğu peşələrdə özünü sınayan qadınlar haqqında danışılan "Bu, qadın işi deyil" rubrikasının qonağıdır.

— Tehranə, əvvəlcə özünüz haqqında danışın.

— Rusiyada doğulmuşam, amma milliyyətcə azərbaycanlıyam. Bununla belə, mənim türk, iranlı və alman köklərim də var. Mənim qanım qarışıqdır. Ailəmizlə birlikdə Samarada yaşamışam, lakin ardıcıl olaraq sevimli Azərbaycana gəlirdik, çünki burada nənəm yaşayırdı. Moskva Dövlət Pedaqoji Universitetinin hüquq fakültəsini bitirəndən sonra təhsilimi davam etdirmək qərarına gəldim və Samara Dövlət Universitetinin kliniki psixologiya istiqaməti üzrə qiyabi şöbəsinə daxil oldum.

Tehranə Bəhruzi
Tehranə Bəhruzi

— Artıq siz Azərbaycanda yaşayırsız?

— Hələ deyə bilmərəm ki, tamamilə bura yerləşmişəm. Amma hələlik Azərbaycanda yaşayıb işləyirəm. Gələcəkdə ola bilsin ki, Rusiyaya gedəcəm və orada xidmət edəcəm.

— Tehranə, siz ixtisasca hüquqşünas və psixoloqsuz. Və birdən-birə Azərbaycanın xüsusi təyinatlı qoşunlarında xidmət etmək qərarına gəldiz. Bu, necə baş verdi?

— Azərbaycanın daxili qoşunları ilə müqavilə bağlayarkən, düşündüm ki, prokurorluqda işləyəcəm, çünki bura mənə hamısından yaxındır. Eşidəndə ki, Azərbaycan DİN-in Daxili Qoşunlarının nəzdində qızlardan ibarət xüsusi təyinatlı qrup yaradılıb, ağlıma belə bir ideya gəldi ki, niyə də yox?

Düşünürdüm ki, hər şey bizə filmlərdə göstərilən kimi olacaq. Amma hər şey əksinə oldu. Bizə çox çətin oldu, çünki bizimlə — qızlarla kişi kimi davranırdılar. Biz bütün günü məşq edirdik, hətta istirahətə də vaxt olmurdu.

Mən təkcə fiziki olaraq deyil, psixoloji olaraq da yorulurdum. Çünki mənimlə birlikdə xidmət edən qızlarla əlaqə qurmaq mümkün deyildi. Onların hamısı fərqli idi, qalmaqalları sevirdilər, mən isə təbiətən sakit insanam. Düzünü deyim, öz seçimimə görə çox peşman oldum. Amma tədricən hərbi formanı sevdim və özümü onsuz təsəvvür edə bilmədim. Hazırda hərbi xidmət mənim üçün birinci yerdədir.

— Sizin üçün ən çətin olan nə idi?

— Qızlarla bir komandada xidmət etmək ən çətini idi. Mən çalışırdım ki, heç kəsə fikir verməyim, öz işimlə məşğul olum. Tədricən hər şeyə alışdım. Biz həmişə günün altında məşq etməli olurduq və günəş yanığı alırdıq. Bu dəhşət idi, çünki qızlar buna alışmamışdılar. Bundan sonra mən hətta yaya nifrət edirəm və istəyirəm ki, həmişə qış olsun.

Tehranə Behruzi
Tehranə Behruzi

— Bəs ailəniz sizin orduda xidmət etmək arzunuzu necə qarşıladı?

— Əvvəlcə onlar razılaşmadılar. Dedilər ki, mənə çox çətin olacaq, amma fikrimdən döndərə bilmədilər. Sonra valideynlərim mənimlə fəxr etməyə başladılar. Çünki həm hərbi xidmətdə, həm də model biznesində uğurlar əldə etdim. Mənim yeganə səhvim hər şeyə çox sadəlövhcəsinə inanmağımdır. Hamıya inanıram, kömək etmək istəyirəm, amma sonra bunun əziyyətini çəkməli oluram.

— Bəs siz model biznesinə necə düşmüsüz?

— Düzünü desəm, hərbi xidmətə başlayana qədər gözəllik yarışmalarında iştirak etməyi çox istəmişəm. Amma alınmayıb, çünki həmişə utancaq olmuşam. Həmişə iş mənə mane olub. Bakıda gözəllik müsabiqələrinin təşkilatçıları mənə Azərbaycanı nüfuzlu beynəlxalq gözəllik yarışmalarında təmsil etməyi təklif ediblər.

Tehranə Behruzi
Tehranə Behruzi

Əvvəlcə mənə qorxulu gəlirdi, çünki peşəkar model deyildim və hər şey mənim üçün yeni idi. Bilirdim ki, öz ölkəmi təmsil etməklə üzərimə çox böyük məsuliyyət götürürəm. Mən taca və "Top of the World —2015"-in ikinci vitse-missi adına layiq görüldüm. Bundan sonra məni dəfələrlə digər müsabiqələrə də dəvət etdilər. Lakin işimlə əlaqədar olaraq vaxt tapa bilmədim.

— Yəqin sizinlə birlikdə xidmət edən qızlar bu müsabiqədən sonra sizə həsəd aparmağa başladılar?

— Düşünmürəm ki, həsəd apardılar. Onlar bilirdilər ki, mən həmişə gözəllik müsabiqələri ilə maraqlanıram. Amma düşünmürdülər ki, bu işlə nə vaxtsa ciddi məşğul olacam. Onlar mənə görə şad oldular. Düzünü desəm, müsabiqəyə gedəndə bu barədə heç kəsə xəbər verməmişdim. Sadəcə mənim bir neçə rəfiqəm bilirdi. Mənim haqqımda yazılandan sonra xəbər tutdular və hamı şokda idi.

Tehranə Behruzi
Tehranə Behruzi

— Bəs modellər biləndə ki, onlarla birlikdə müsabiqədə xüsusi təyinatlılardan olan qız da iştirak edir, bunu necə qarşıladılar?

— Onlara bu qəribə gəlirdi, çünki heç vaxt belə halla rastlaşmamışdılar. Müsabiqədə iştirak zamanı hər kəs öz istedadını nümayiş etdirməli idi. Onların çoxu oxudu, rəqs elədi. Mən isə hərbçi olduğum üçün xüsusi təyinatlı qabiliyyətlərimi nümayiş etdirdim — döyüş sənəti texnikasını göstərdim. Hamıya maralı gəldi. Məndən sonra xeyli hərbçi qız model olmaq qərarına gəldi. Mənim iştirakımın onlara stimul verdiyini görmək xoşdur.

— Siz Azərbaycanın model biznesinin inkişafını necə qiymətləndirirsiz?

— Bir neçə il əvvəl bu sahə elə də yaxşı inkişaf etməmişdi. Lakin son illərdə bu sahəyə maraq artıb. Azərbaycanda çox gözəl qızlar var. Təəssüf ki, bizim xalq model biznesinə çox ehtiyatla yanaşır. Amma mən əminəm ki, gələcəkdə hər şey dəyişəcək. — Sizə bir-birindən tamamilə fərqli olan iki peşəni birləşdirmək çətin deyil ki? — Çətin deyil. Sadəcə bəziləri bunu başa düşmürlər. Sizə bir sirr açım: hansısa tədbirdə iştirak etmək üçün qız hərbi qulluqçuları seçəndə, hər şeydən çox onların zahiri görkəminə fikir verirlər. Odur ki, zahiri görkəm istənilən peşədə vacib rol oynayır. Gələcəkdə də bu hər iki peşəni birlikdə davam etdirmək niyyətindəyəm. Çünki onların arasında seçim etmək istəmirəm. Həm xidmət edəcəm, həm də model işləyəcəm.

— Həyatınızda nə vaxtsa xüsusi təyinatlı qabiliyyətlərinizdən istifadə etməyə ehtiyac yaranıb? Pərəstişkarlarınız tez-tez sizin zəhlənizi tökürlər?

— Mən həmişə öz-özümü qoruya bilmişəm. Pərəstişkarlarım haqqında deyə bilərəm ki, onların sayı çoxdur. Onların əksəriyyəti hərbi qulluqçulardır. Hətta hərdən kiməsə diqqət göstərməyəndə, bu, mənə problem yaradır. Sadəcə heç kəs mənə istəmədiyim bir işi gördürə bilməz.

— Тehranə, mənə məlumdur ki, siz kitab da yazırsız?

— Bəli, doğrudur. Mən bizim nazir Zakir Həsənova çox hörmət edirəm və ad günündə bu dərin hörmətə layiq insana ona həsr etdiyim kitabı bağışlamaq istəyirəm. Kitab "İdeal nazir — Zakir Həsənov" adlanır. O, hələ çap olunmayıb, üzərində iş gedir. Növbəti kitabımı özüm haqqında yazmaq istəyirəm.

— Hazırda nə ilə məşğul olursuz?

— Hazırda bir neçə problemimi həll edirəm, sonra isə yeni layihələr üzərində işləməyə başlayacam. Hərdən özümü yaxşı hiss etməyəndə heç nə ilə məşğul olmaq istəmirəm. Gözəllik müsabiqələrində iştirak etmək, eyni zamanda da orduda xidmət etmək fikrindəyəm.