Azərbaycan zabiti serrozdan vəfat etdi, ermənilər "həlak oldu" yazdı

11 Mart, 2020 16:35 | Siyasət | Baxış sayı: 163
Anar Kərimov
Anar Kərimov

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Anar Kərimov uzun sürən xəstəlikdən sonra vəfat edib.

IstiPress-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, A. Kərimov martın 10-da qaraciyər serrozu səbəbindən dünyasını dəyişib.

Xatırladaq ki, polkovnik-leytenant A. Kərimov 2018- ci ildə Prezidentin sərəncamıyla 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu gün bəzi erməni KİV-ləri (Rusiyada və Ermənistanda mənzillənən) Azərbaycan ordusunun döyüş bölgəsində yerləşən hərbi hissələrindən birinin zabiti, polkovnik-leytenant Anar Kərimovun “döyüşdə həlak olduğu” barədə məlumat yayıb. Virtualaz.org xəbər verir ki, erməni KİV-ləri bu məlumatın mənbəyi kimi sosial şəbəkələrin Azərbaycan seqmentinə istinad ediblər.

Belə ki, zabitin dostu özünün Facebook səhifəsində Anar Kərimovun ölümü haqda məlumat verib. Lakin həmin istifadəçi zabitin döyüşdə həlak olması, yaxud düşmən tərəfindən vurulması barədə heç nə yazmayıb, onun ölümünün səbəbini göstərməyib. Təkcə bunu qeyd edib ki, zabit haqq dünyasına köçüb və onun ailəsinə, yaxınlarına başsağlığı verib.

Buna baxmayaraq düşmən mənbələri dərhal bu məlumatı özlərinə sərf edən şəkildə təhrif edərək Azərbaycan ordusunun zabitinin “təmas xəttində həlak olduğu” barədə təcili xəbərlər yayıblar.