İlham Əliyevdən Ermənistana göz dağı

11 Yanvar, 2018 08:55 | Siyasət | Baxış sayı: 671
Azərbaycan ordusuna məxsus hərbi texnika
Azərbaycan ordusuna məxsus hərbi texnika

"Heç kimdən dilənmirik, heç kimə yalvarmırıq"

"Biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik". İstiPress-in məlumatına görə, Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev  deyib ki, artıq hərbi şəhərciklər, bazalar, hissələrin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır.

"Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərib".

Dövlət başçısı ötən ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş bəyannamədən də danışıb. Onun sözlərinə görə, “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənib. Bu, işğalçı Ermənistana növbəti zərbə olub. "Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar. O da həqiqətdir ki, hazırda Avropanın özü separatizmdən əziyyət çəkir və görür ki, separatizm nədir. Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilib. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılıb.

Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir".

Nazirlər Kabinetinin iclası (10.01.2018)
Nazirlər Kabinetinin iclası (10.01.2018)