Türkiyənin getdiyi yol

11 Yanvar, 2017 12:58 | Siyasət | Baxış sayı: 36

Eldəniz Elgün referenduma gedən Türkiyənin gələcək aqibətindən yazır

Türkiyə Böyük Millət Məclisində  Ədalət və İnkişaf partiyasının irəli sürdüyü konstitusiya dəyişikliyi paketi səsə qoyulub. 448 deputatın səs verdiyi iclasda dəyişikliklər paketi 338 səslə qəbul edilib. Millət vəkillərindən 134-ü təklifin əleyhinə səs verib. 2 nəfər bitərəf qalıb, 1 səs isə etibarsız sayılıb. Səsvermə gizli keçirilib.Maraqlıdır, bu yeniliklər Türkiyəyə nələr vəd edir?

Yeni təkliflər paketi  referendumda qəbul olunandan sonra Türkiyədə idarəetmə sistemi köklü şəkildə dəyişəcək. İlk növbədə ölkədə əsas söz sahibi parlament, baş nazir yox, prezident olacaq. Bundan başqa orduya prezidentin bir başa nəzarəti də təmin olunacaq ki, bu da mərkəzləşmənin tamamlanması deməkdir. Əslində Türkiyənin belə bir seçim etməsi ölkənin gələcək inkişafı üçün vacib şərtdir. Çünki parlament  idarəetmə sistemi son illər özünü doğrultmurdu və dəfələrlə dövlət çevrilişinə cəhdlərin olması da bununla bağlı idi. Çünki parlament idarəetmə sistemi mövcud olduğu dövrdə Türkiyədə siyasi partiyalar bəzi hallarda hansısa təriqətlərin, birliklərin xidmətindən sadəcə olaraq yararlanmaq məcburiyyətində qalırdılar. Çünki partiyalar tək öz üzvlərinin hesabına parlamentdə yetərli qədər səs toplaya bilmirdilər və bu səbəbdən müəyyən qüvvələrin imkanlarından yararlanırdılar. Elə Fətulla Gülənin gözlənilmədən gücə çevrilməsinin də səbəbi bu oldu.

Ekspertlər bildirirlər ki, istənilən seçkilərdə Fətullah Gülən adamları siyasi partiyalarla bazarlığa başlayır, müəyyən sayda öz adamlarının parlamentə düşməsi qarşılığında siyasi partiyalara dəstəklərini veriblər. Bir sözlə diqqəti cəlb etmədən çirkli lobbiçiliklə məşğul olublar. Amma yeni sistemin tətbiqi ilə bu cür qüvvələrin həlledici rol oynamasının qarşısı alınacaq. Başqa bir tərəfdən hazırkı sistem Türkiyədə istənilən vaxt xaos yarada bilər. Çünki bir tərəfdən ölkəyə xalq tərəfindən seçilən prezident, digər tərəfdən isə yenə xalq tərəfindən seçilən parlamentin seçdiyi baş nazir rəhbərlik edir. Düzdür bu gün prezidentlə baş nazir eyni düşərgəni təmsil edirlər. Amma sabah arada ziddiyət yaranarsa, çıxılmaz durum ortada olacaq.

Türkiyədə həyata keçirilən dəyişikliklər eyni zamanda ölkənin siyasi həyatına da təsir edəcək. Bu günə qədər Türkiyədə əsasən MHP,CHP və AKP hakimiyyətin formalaşmasında iştirak ediblər və demək olar ki, artıq 20 ildir ki, ölkənin siyasi səhnəsində yeni simalar yoxdur. Amma həyata keçirilən bu dəyişikliklər Türkiyə siyasətinə yeni liderlər də gətirə bilər. Necə ki, biz bunun Tramp simasında ABŞ variantını gördük. Buna görə həyata keçiriləcək dəyişiklik həm də yeni qüvvələrə şanslar yaradacaq. Maraqlıdır, bəs parlamentdə qəbul olunan dəyişikliklər ümumxalq səsverməsinə çıxarılarsa uğur qazanacaqmı? Hazırda bu problemin həlli prezident Ərdoğanın imkanları daxilindədir. Çünki son dövlət çevrilişi cəhdindən sonra aydın oldu ki, ölkə əhalisinin böyük əksəriyyəti Ərdoğana dəstək verir və çox böyük ehtimal ki, ümumxalq səsverməsində Ərdoğan bu dəstəyi yenə alacaq. Hazırda ona problem yarada biləcək yeganə qüvvə Fətullah Gülən adamları ola bilərdi ki, bu problem də artıq aradan qalxıb. Çünki Türkiyə vətəndaşları artıq tam əmindirlər ki, Türkiyədə çevrilişə cəhd edənlər həqiqətən də Fətullah Gülən tərəfdarları olublar.

Müəllif Eldəniz Elgün