Səngəçaldakı partlayışlar terror aktı ola bilərmi?

11 Yanvar, 2017 20:30 | Siyasət | Baxış sayı: 71
Qaradağda qaz borusunda partlayış
Qaradağda qaz borusunda partlayış

"Hər bir ehtimal ciddi araşdırılmalıdır"

Yanvarın 10-da Bakının Qaradağ rayonunda 3-cü dəfə qaz xəttində partlayış baş verib. Həmin vaxt Səngəçal qəsəbəsindəki ərazidə güclü yanğının olub. Hadisə saat 20:40-da qeydə alınıb. Qəza ötən dəfə baş verən yerə yaxın ərazidə cərəyan edib.

Buna qədər də 2 dəfə - dekabrın 27-də və yanvarın 2-də Qaz Emalı Zavodundan Səngəçal baş qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış baş vermişdi.

Son 15 gün ərzində eyni kəmərdə 3 dəfə partlayışın baş verməsi bir çox şübhələri gündəmə gətirir. Səsləndirilən variantlar arasında təxribat versiyası, sifarişçinin və ya podratçının işə məsuliyyətsiz yanaşması və digər versiyalar yer alır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, baş verən hadisə ilə əlaqədar yaradılan  komissiya ilkin rəy açıqlamalı idi. İlkin səbəblər və onun aradan qaldırılması istiqamətində hansı işlərin görüldüyü barədə ictimaiyyətə və mediaya məlumat verilməli idi. Ancaq bu istənilən halda şirkətin alıcılarında inamsızlıq yaradacaq.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı partlayışda təxribat və ya terror versiyalarını tamamilə əsassız sayır. Onun fikrincə, bu kimi iri layihələr zamanı araşdırılmalı olan məsələlər sifarişçinin, podratçının hətta subpodratçının hadisədə məsuliyyətinin müəyyənləşdirilməsi, qaynaqçıların sertifikatlarının olub-olmaması, kəmərin istismar müddətinin neçə il nəzərdə tutulması olmalıdır.

Mirvari Qəhrəmanlı 2002-ci ildə çəkilən kəmərdə relyef, titrəmə və zəlzələ amillərinin cəfəngiyyat olduğunu bildirib. O deyib ki, hər bir kəmər çəkilən zaman relyef və tektonik hadisələr ciddi şəkildə nəzərə alınır. Hətta borunun korroziyaya uğraması kimi həssas detallar da öz əksini tapır.

İndiki halda isə görülməli olan əsas tədbir kəmərin çəkilişində iştirak edən mütəxəssislərin komissiyaya cəlb olunması və baş verən problemin aradan qaldırılmasıdır.

"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı"  İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı
"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı

Hadisənin nədən baş verdiyi rəsmən açıqlanmayıb.  SOCAR qəza ilə bağlı bir neçə versiya üzərində iş aparıldığını bildirib.

"2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması nəzərdən keçirilir. Habelə, kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları dəyərləndirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir".