Prezident Naxçıvan ordusunun yeni hərbi texnikasına baxdı (YENİLƏNİB II, FOTO)

11 Yanvar, 2017 14:43 | Siyasət | Baxış sayı: 212
Əsgəri-Məişət Kompleksinin açılışı
Əsgəri-Məişət Kompleksinin açılışı

Bunların vasitəsilə Azərbaycan Ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır

Naxçıvanda səfərdə olan prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib.

Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlətimizin başçısına raport verib.

900 yerlik yataqxanada əsgərlərin istirahəti üçün hərtərəfli şərait var. Üçmərtəbəli bina müasir səviyyədə yaradılıb. Ümumi sahəsi 4 min kvadratmetr olan yataqxana bütün zəruri avadanlıqla təchiz edilib. Binada ümumi sahəsi 800 kvadratmetr olan 24 otaq var. Bir sözlə, burada yaradılan şərait dövlətimiz tərəfindən əsgər və zabitlərin sosial məsələlərinin həlli istiqamətində atılan addımların ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir.

Kompleksdə 1000 yerlik 2, 500 yerlik 1 və 250 yerlik 2 yemək salonu var. Ümumilikdə, burada eyni vaxtda 3000 hərbçi qidalana bilər. Prezident İlham Əliyev burada qida məhsullarına baxıb, aşpazlarla söhbət edib. 

Dövlət başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub. Bu gün Azərbaycan Ordusu ən müasir silah-sursat, hərbi texnika ilə təmin olunub. Silahlı qüvvələrimizin balansında olan bu müasir texnika bir çox özəllikləri ilə seçilir. Bunların vasitəsilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu gün Azərbaycan Ordusunun balansı dünyanın aparıcı ölkələrinin istehsalı olan silah-sursatla genişlənir. Bundan başqa, son illərdə dövlətimizin başçısı, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar yaradır. 

Saat 14:30

Prezident İlham Əliyev ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.

İlham Əliyev Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib. Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış olub.

Zirzəmi qatı ilə birlikdə yeddimərtəbəli yaşayış binasında 48 mənzil var. Onlardan 24-ü ikiotaqlı, 24-ü üçotaqlıdır.

Binanın zirzəmi qatında subay zabit, gizir və müddətdən artıq xidmət edənlər üçün 4 yaşayış sahəsi ayrılıb. Onlardan biri dörd nəfərlik, ikisi altı nəfərlik, biri səkkiz nəfərlikdir.

Yaşayış binasında istirahət otağı, qadın gözəllik salonu, kişi bərbərxanası, dərzi və komendant otaqları, 2 əşya anbarı, 40 nəfərlik yeməkxana və camaşırxana yaradılıb.

Dövlət başçısı Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasiminə qatılıb. Tikinti işlərinin icrasına 2012-ci ildə başlanılıb. Layihəyə əsasən Culfa şəhərində və Gülüstan kəndində su şəbəkəsi, Culfa şəhərində isə kanalizasiya şəbəkəsinin tikintisi aparılıb, ev birləşmələri aparılaraq sayğac quraşdırılıb.

Layihə çərçivəsində Əlincəçay yatağında 2088 metr müxtəlif diametrli borularla kaptaj və onu sel sularından qorumaq üçün uzunluğu 1500 metr olan selyönəldici bənd tikilib. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Qurğu gün ərzində 10 min 800 kubmetr və ya saniyədə 125 litr sutəmizləmə gücünə malikdir. Hər birinin tutumu 5000 kubmetr olan iki təmiz su anbarı tikilib.

Saat 13:17

Naxçıvanda səfərdə olan prezident Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasiminə qatılıb. İnşa ediləcək Su Elektrik Stansiyasının gücü 36 meqavat olacaq. Derivasiya tipli stansiya Araz çayı üzərində yerləşəcək. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunacaq. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, su qəbuledici qurğu, çökəltmə hovuzu, derivasiya kanalı, yükləmə hovuzu daxildir.

Bundan başqa, burada metal boru xətti, aparıcı kanal, sutullayıcı və balıqaxıdan qurğular da yaradılacaq. Stansiyada hər birinin gücü 12 meqavat olan 3 aqreqat quraşdırılacaq. Tənzimləyici dəmir-beton bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir. Derivasiya tipli kanalın uzunluğu 12738 metr olmaqla, maksimum su sərfi saniyədə 126,6 kubmetr təşkil edəcək.

Saat 12:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfər edib. AZƏRTAC xəbər verir ki, İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

Prezidentin Naxçıvana səfəri başlayıb
Prezidentin Naxçıvana səfəri başlayıb