Ermənistanın yeni böyük düşməni

11 Yanvar, 2017 19:35 | Siyasət | Baxış sayı: 874
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpağı
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpağı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə Ermənistanın keçməsinə Qazaxıstanın maneçilik göstərməsi İrəvanda ciddi həyəcan doğurub.

İstiPress-in məlumatına görə, Ermənistan nümayəndəsinin rotasiya yolu ilə KTMT-yə rəhbər təyin edilməsinə çalışırdı və bu arzu 31 dekabr 2016-cı ildə tarixə qovuşdu. Həmin gün KTMT baş katibi Nikolay Bordyucanın səlahiyyət müddəti başa çatdığına görə vəzifəninin icrası 2017-ci il yanvarın 1-dən KTMT baş katibinin müavini V.Semernikova həvalə edildi. Bununla da məsələ arxivə gömüldü.

Ermənistan ekspertləri bu məsələyə ən çox KTMT-nin digər üzvlərinin - Qazaxıstan və Belarusun maneçilik etdiyini vurğulayırlar. Yeni il tətillərindən yeni qayıdan Ermənistan mətbuatı məsələyə bir daha diqqət yetirib. Bu günlərdə Qazaxıstan səfiri Timur Urazayevin erməni mətbuatına verdiyi müsahibəyə məqalə həsr etmiş erməni jurnalist Tevos Arşakyan Qazaxıstanın Qarabağ məsələsinə münasibətini türk-müsəlman həmrəyliyi adlandırıb.

"Ermənilər ümid edirlərmiş ki, digər KTMT üzvləri də Ermənistanla birlikdə Dağlıq Qarabağda Azərbaycana qarşı işğalçı müharibəyə qoşulacaqlar".

Urazbayev Ermənistanla birlikdə KTMT-yə daxil olmasına baxmayaraq Qazaxıstanın Dağlıq Qarabağ məsələsində İrəvanı dəstəkləməməsini KTMT-nin nizamnaməsi ilə izah edib. Yəni Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistanın nəzarətində olsalar da, onun sərhədlərindən kənarda yerləşir. Buna görə də Qazaxıstan Dağlıq Qarabağ məsələsində Ermənistana dəstək verməkdən kənarda durur. Bu isə ermənilərin xoşuna gəlmir, onlar ümid edirlərmiş ki, digər KTMT üzvləri də Ermənistanla birlikdə Dağlıq Qarabağda Azərbaycana qarşı işğalçı müharibəyə qoşulacaqlar.

Təbii ki, KTMT üzvləri Ermənistana görə həm üzv olduqları təşkilatın, həm də BMT-nin nizamnaməsini pozmağa risk etməzlər. Onların bu mövqeyi istənilən siyasi baxış bucağından anlaşılandır. Amma bu, Ermənistanı qane etmir. İrəvan həm özü düşdüyü bataqlığa başqalarını yuvarlamaq istəyir, həm də Azərbaycanla ortaq tarixə malik Qazaxıstanın əli ilə Qarabağı ələ keçirməyə çalışır.

Təbii ki, Astana bu addımı heç zaman atmayacaq. Hətta ola bilər ki, Ermənistan tələblərini gücləndirərsə qonşusu Özbəkistandan nümunə götürərək Qarabağ məsələsini əsas tutaraq İrəvanla bütün əlaqələrini kəsə bilər. Bu isə istər-istəməz Ermənistanla Qarabağa görə düşmən olacaq Türk Birliyinin ortaya çıxması deməkdir.