Bu ölkəyə PUA apararkən ehtiyatlı olun

11 Yanvar, 2017 03:22 | Siyasət | Baxış sayı: 49
Fransada PUA uçuşlarına qarşı sərt qadağalar
Fransada PUA uçuşlarına qarşı sərt qadağalar

Sevimli əyləncəsindən ayrıla bilməyənlər xəritə ilə tanış olmalıdır

Fransada paytaxt Paris də daxil olmaqla dron uçuşlarına qoyulan qadağanın ərazisi genişləndirilib. Milli Mülki Aviasiya İdarəsi və Milli Coğrafiya Məsləhət İnstitutu Fransa daxilində pilotsuz uçan aparatların (PUA) uçuşuna qadağaların tətbiq edildiyi bölgələrin xəritəsini yayıb.

İstiPress "CNN Türk"ə istinadən xəbər verir ki, yeni xəritədə qadağaların sahəsinin şəhərlərin ətrafına qədər genişləndiyi görünür. Ölkənin yaşayış olan digər şəhər, qəsəbə və hətta kəndlərində də kuadkopterlərin və bütün PUA-ların uçuşları qadağan edilib.

Məlumata görə, "Government Geoportal" internet ünvanında da həmin xəritələr bütün PUA istifadəçilərinə təqdim edilib. Bunda məqsəd sonradan yarana biləcək qanun pozuntusu halları zamanı məhkəməyə sövq edilən şəxslərin "uçuşa qadağan edilən bölgələri bilmirdim" kimi ifadələr işlətməsinin qarşısını almaqdır. Çünki xəritələr əvvəlcədən yayıldığı üçün məhkəmə bu cür özünümüdafiə hallarını qəbuledilməz hesab edir.

Fransız mətbuatı isə məhdudiyyətin kuadkopter satışlarına əhəmiyyətli dərəcədə zərbə vuracağı qənaətindədir. Terror hücumları ilə sarsılan Fransada hərbi bölgələrin, hava limanlarının, nüvə obyektlərinin üzərində və eləcə də gecə saatlarında PUA uçurmaq isə, ümumiyyətlə, qadağan edilib.