İlham Əliyev: “Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür”

10 Dekabr, 2020 14:46 | Siyasət | Baxış sayı: 27
İlham Əliyev - Azərbaycan Prezidenti
İlham Əliyev - Azərbaycan Prezidenti

“Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir”.

İstiPress-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.

“Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti iştirak edir və türk əsgər və zabitləri iştirak edir. Bu, bir daha bizim birliyimizi, bizim dostluğumuzu, qardaşlığımızı göstərir”, - Prezident əlavə edib.

Ali Baş Komandan deyib ki, Vətən Müharibəsinin ilk günlərindən, daha doğrusu,  ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik: “Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır! Demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir və bu gün biz birlikdə “Zəfər paradı”nda iştirak edərkən bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk”.