İgid polkovnik üçün fəxri sükut

10 Dekabr, 2020 16:23 | Siyasət | Baxış sayı: 191

Bu gün paytaxt Bakıda "Dəmir yumruq" adı altında keçirilən möhtəşəm Qələbə paradına baxdıq. Televiziyadan canlı izlədiyimiz bu görüntülər hər birimizdə qürur, fəxr, iftixar hissləri oyatdı.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi Qələbə paradında bu zəfəri bizə canı ilə bağışlayan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı. Mən də sükut etdim 2783 şəhidimiz üçün. Xatirələrini andım. Bu gün həmin şəhidlərimizdən birini bir daha anmaq istəyirəm. Azərbaycan Ordusunun igid zabitlərindən biri -avar balası Abakar Hacıyevin doğulduğu Zaqatala rayonunun Darqoqqaz kəndindəki ata evində 40 mərasimi keçirilib. Gənc həmkarım Leyla Abdullayevaya təşəkkür edirəm ki, bu gün Abakarın 40 mərasiminə qatılıb, ailəsi - anası Pirdas xanımla, bacısı Gülnar xanımla, həyat yoldaşı Arzu xanımla, qaynanası Fatma xanımla və 3 ciyərparası - Elvira, Eldar və Hacı ilə, qohumları ilə görüşüb, başsağlığı verib. Leylaya minnətdaram.

Özüm də çox istəyirdim Qusardan Zaqatalaya gedib mərasimdə iştirak edim, amma təəssüf ki, pandemiya səbəbindən getməyim alınmadı. Sağlıq olsun, gedəcəyəm. Bilirəm, çox yaxşı bilirəm, Abakar Hacıyevin ölümü çox ağırdır ailəsi, uşaqları üçün, doğmaları üçün. Elə dostları, onu tanıyanlar üçün də ağırdır.

Jurnalist Leyla Abdullayeva (sağdan birinci) şəhid polkovnik Abakar Hacıyevin doğmaları ilə birlikdə
Jurnalist Leyla Abdullayeva (sağdan birinci) şəhid polkovnik Abakar Hacıyevin doğmaları ilə birlikdə

Amma təsəllimiz odur ki, bu Abakarlar bizə şanlı qələbəni gətirdilər Qarabağı qaytarmaqla. Onlar vuruşmasaydılar, bu qələbə qəti alınmazdı. Şəhidlərimiz özlərini Qarabağ yolunda qurban verdilər, Abakar da Vətən yolun da özünü fəda etdi.

Onun və bütün şəhidlərimizin işıqlı xatirəsi indi hər birimizlədir! Ruhları şad olsun bütün cəsur şəhidlərimizin! Ruhun şad olsun, igid Abakar Hacıyev!

Aytəkin Alxaslı