“Cənab Prezident, əziz qardaşım, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman mənsubları, azərbaycanlı can qardaşlarım, sizi ürəkdən salamlayıram”.
İstiPress-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.
“Bu Zəfər Gününüzdə sizinlə bir yerdə olmaqdan xoşbəxtlik duyuruq. Qardaşım cənab İlham Əliyevə dəvəti və qonaqpərvərliyinə görə təşəkkür edirəm. Azərbaycanın 44 gün çəkən mübarizəsində şəhid olan igidlərə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”, - Ərdoğan bildirib.
“Azərbaycanın həm hərbi, həm diplomatiya meydanında əldə etdiyi bu uğurda ən böyük pay sahiblərindən biri əziz qardaşım İlham Əliyevə məxsusdur. İnşallah, Azərbaycan dastan yazmağa davam edəcək. Türkiyə Azərbaycanın apardığı mübarizəyə əvvəlcədən bütün qurum və təşkilatları ilə dəstək verib, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olub. Biz özümüz hər zaman mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını əldə rəhbər tutduq. Qarabağı 30 il boyunca sinəmizə yara etdik. Bu yaranın sağalmasının sevincini bölüşmək, bu şanlı Zəfəri birlikdə qeyd etmək üçün sizlərləyik”, - deyə Türkiyə dövlət başçısı vurğulayıb.