Dağıstanda əfsanəvi azərbaycanlı generala abidə qoyuldu - VİDEO

10 Dekabr, 2019 17:43 | Siyasət | Baxış sayı: 373

Sovet dövründə artilleriya qoşunları komandanı olmuş yeganə azərbaycanlı olub

Dağıstan Respublikasının Dərbənd şəhərində görkəmli dövlət xadimi, Azərbaycanın ilk artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun büstünün açılışı olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, açılış mərasimində Dağıstanın və Azərbaycanın rəsmi şəxsləri, Dərbənd şəhər ictimaiyyətinin nümayəndələri, gənclər, hərbçilər, müharibə və əmək veteranları iştirak edib.

Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə şöbəsinin müdir müavini Hüseyn Möhsünov, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyev, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Quba, Qusar, Xaçmaz İH başçıları Ziyəddin Əliyev, Şair Alxasov, Elnur Rzayev  daxil olublar.

Azərbaycanlı general Hüseyn Rəsulbəyovun abidəsi Dərbənd şəhərində   onun adını daşıyan küçə ilə 345-ci Dağıstan Atıcı Diviziyası küçəsinin kəsişməsində Azərbaycan tərəfinin təşəbbüsülə ucaldılıb.

Alqışlarla büstün örtüyü götürüləndən sonra təntənəli mərasim baş tutub. Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidov çıxışında Rusiyanın və Azərbaycanın general oğlu Hüseyn Rəsulbəyovun büstünün Dərbənddə açılmasını  böyük  tarixi hadisə adlandırıb: "Biz Hüseyn Rəsulbəyovla fəxr edirik. O, Böyük Vətən müharibəsi illərində şərəfli döyüş yolu keçib. Bir çox döyüş əməliyyatlarının iştirakçısı olan Hüseyn Rəsulbəyov cəsarətli və qətiyyətli zabit idi. Xalqlarımız görkəmli dövlət və hərbi xadimin xidmətlərini bu gün də ehtiramla yad edir."

YAP-ın Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev, Azərbaycan Miili Məclisinin sədr müavini Valeh Ələsgərov da Dərbənddə  azərbaycanlı generalın büstünün açılmasını Rusiya ilə Azərbaycan arasında tarixi dostluq əlaqələrinin möhkəmliyinə bariz nümunə olduğunu sübut edən mühüm hadisə kimi dəyərləndiriblər və hər iki ölkə prezidentləri Vladimir Putinlə İlham Əliyevin bu istiqamətdə apardığı  davamlı işlərdən danışıblar.

Hüseyn Rəsulbəyovun ailəsi adından danışan kürəkəni, Azərbaycan Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik  Cəmil Əliyev Dərbənddə görkəmli və şərəfli həyat yolu keçmiş generalın adının əbədiləşdirilməsinin təkcə ailələri üçün deyil, Azərbaycanla Rusiya üçün dövlət səviyyəsində əlamətdar hadisə olduğunu deyib. Cəmil Əliyev  bu abidənin Böyük Vətən müharibəsində alman faşizmi üzərində tarixi qələbənin 75-ci ildönümü ərəfəsində Hüseyn Rəsulbəyovun büstünün açılmasını, bu istiqamətdə Vladimir Putinlə İlham Əliyevin apardığı məqsədyönlü işləri xüsusi qiymətləndirib. Akademik hər iki ölkə prezidentinə və dərbəndlilərə general Hüseyn Rəsulbəyovun xatirəsini əziz tutdıqlarına görə minnətdarlıq edib.

Xaçmazın sabiq icra başçısı,YAP-ın Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev də çıxışında bu abidəni iki qonşu dövlət arasında dostluq abidəsi adlandırıb. Şəmsəddin Xanbabayev İstiPress-in şimal bürosuna bildirib ki, Dərbənddə general Hüseyn Rəsulbəyovun büstünün qoyulması barədə Dərbənd şəhər dairəsinin rəhbəri tərəfindən sərəncam verilib və işlərə iki aydır başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi və tapşırığı ilə Dərbənddə abidənin qoyulması prosesinə nəzarət etdiyini deyən Xanbabayev Hüseyn Rəsulbəyovu görkəmli dövlət xadimi və  şərəfli yol keçmiş general kimi xarakterizə edib.

Əslən Dərbənddən olan, 1917-ci ildə burada doğulmuş Hüseyn Rəsulbəyovun abidəsi vaxtilə yaşadığı evin qarşısında inşa olunub. Böyük Vətən müharibəsində və müharibədən sonra da hava hücumundan  müdafiə dairəsi qoşunlarının zenit-artilleriya qoşunları üzrə müxtəlif vəzifələrdə işləyib. Hüseyn Rəsulbəyov sovet dövründə artilleriya qoşunları komandanı olmuş yeganə azərbaycanlı olub. Sovet dövründə uzun müddət Azərbaycanın rabitə naziri vəzifəsində çalışmış Hüseyn Rəsulbəyov bu sahədə də bir çox tarixi layihələrə imza atıb. Bir sözlə, hərb və rabitə tariximizin görkəmli nümayəndəsi olmuş Hüseyn Rəsulbəyov doğulduğu qədim Dərbənd  şəhərində bir daha rəmzi olaraq həyata qayıtdı.

Azəbaycanlı general Hüseyn Rəsulbəyovun Dağıstanın Dərbənd şəhərində büstünün açılışında Azərbaycandan  3 mətbuat nümayəndəsi iştirak edib. Azərtac-ın Quba-Xaçmaz bölgəsi üzrə müxbiri, ARB Şimal-ın xəbərlər, sosial ictimai proqramlar departamentinin direktoru Elxan Yusifli, ARB Şimal-ın operatoru Rizvan Hacıyev və İstiPress-in şimal bürosunun əməkdaşı Aytəkin Alxaslı bu tarixi büstün Dərbənddə ucaldılmasının əyani şahidi olub.