Əliyevlə Ərdoğan qələbə münasibətilə bir-birini təbrik etdi

10 Noyabr, 2020 13:29 | Siyasət | Baxış sayı: 32
R.T.Ərdoğan və İ.Əliyev
R.T.Ərdoğan və İ.Əliyev

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

İstiPress-in məlumatına görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər. Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin ölkəsinin dəstəyinə verdiyi yüksək qiymətə görə təşəkkür edib.

Azərbaycan və Türkiyə prezidentləri dost və qardaş ölkələrimiz və xalqlarımızın bundan sonra da bir-birinin yanında olacağını bildiriblər.

Telefon söhbəti zamanı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması yüksək qiymətləndirilib, bu mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.