Ruslar Qarabağda küçə döyüşlərinə hazırlaşır

10 Noyabr, 2017 18:20 | Siyasət | Baxış sayı: 2118
Rusiyanın T-90 tankları küçə döyüşlırində
Rusiyanın T-90 tankları küçə döyüşlırində

Putin Ermənistanı danışıqlardan uzaqlaşdırır

Ermənistandakı 102-ci Rusiya hərbi bazasının əsgərləri ilk dəfə olaraq yay təlimlərində şəhərdə küçə döyüşləri təlimləri keçiblər.

İstiPress-in məlumatına görə, bu barədə “Sputnik Armeniya” portalı Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidmətinə istinadən bildirir.

Cənub hərbi dairəsinin məlumatında bildirilir ki,  təlimlər dəniz səviyyəsindən 1,5 və 2,5 min metr yüksəklikdə olan  "Kəmxud" və "Alagöz" poliqonlarında müxtəlif ballistik əlavələrdən istifadə etməklə aparılıb. “Təlimlərin 50%-indən çoxu gecənin qaranlıq saatlarında və mürəkkəb iqlim şəraitində keçirilib", - deyə məlumatda bildirilir.

Təlimlər zamanı hərbçilərin aviasiya və zirehli texnikanın dəstəyindən istifadə etməklə 100 metrdən 4 min metrə qədər məsafədə yerləşən şərti düşmənə atəş açmaq da məşq edilib: “Döyüş hazırlığı məşğələlərində ilk dəfə kəşfiyyat-zərbə və kəşfiyyat-atəş konturlarından yararlanmaqla "şəhərdə döyüş" aparılması üsulları istifadə edilib”,- deyə məlumatda deyilir.  

Ermənistandakı 102-ci Rusiya hərbi bazasının əsgərləri
Ermənistandakı 102-ci Rusiya hərbi bazasının əsgərləri

Sirr deyil ki, 102-ci hərbi bazanın əsgərləri məhz Qarabağda "şəhər döyüş"lərinə hazırlaşırlar. Dağlıq Qarabağ döyüşlərinin təcrübəsi göstərir ki, ermənilər döyüşü uduzanda dövrəyə Rusiyanın elit desant birlikləri qoşulurlar. Məsələn, 1992-ci ilin avqustunda könüllülərdən ibarət Azərbaycan ordusunu Sərsəng su anbarından Çeçenistanda döyüşən Pskov desantçıları çıxarmışdı, həmin döyüşlərdə 500-ə yaxın Azərbaycan əsgəri şəhid olmuşdu. Bunu tanınmış rus jurnalist də hadisənin canlı şahidi kimi lentə alıb.

Horadiz döyüşlərində Ermənistan ordusunun sürətlə gerilməsini də məsələyə Rusiya desantının müdaxilə etməsi dayandırmışdı. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun dediyinə görə, o vaxt cəbhədə ələ keçirilən hərbi texnika və 30-a yaxın  əsir göstərdi ki, Azərbaycanın könüllülərdən ibarət  ordusu Rusiyanın elit hərbi birləşmələri ilə döyüşür. Buna görə, Azərbaycan atəşkəs imzalamağa məcbur olub.

Aprel döyüşlərində də Azərbaycan ordusunu Rusiya desantları dayandırdı. Bu sətirlərin müəllifinə Novosibirskdən həmin günlərdə zəng etmiş valideynlər övladlarının Çitadan desant kimi Şuşaya aparıldıqlarını bildirirdilər. Rusiya KİV-lərinin Qarabağdan çəkdikləri videomateriallarda da ön cəbhədə rus desantları görmək olurdu. Qarşı tərəf həmin günlər Şuşada və Xankəndidə küçə döyüşlərinə hazırlaşırdı, Ermənistandan onlarla tank gətirilərək Xankəndinin küçələrində mövqe tutmuşdu.

Azərbaycan ordusunun Baş Qərargahı ilə də atəşin dayandarılması ilə bağlı məhz Rusiya ordusunun Baş Qərargahı danışmışdı, sadəcə Ermənistan ordusunun Baş Qərargah rəisi Yuri Xaçaturov məlumatlandırılmışdı. Sonradan məlum oldu ki, Serj Sarkisyanın həmin danışıqlardan ümumiyyətlə xəbəri olmayıb. Yəni Putin Serj Sarkisyanı və Ermənistan rəhbərliyini ordu məsələlərindən uzaqlaşdırıb. 

Erməni politoloq Manvel Sarkisyanın “Lragir"ə müsahibəsində bildirib ki, Rusiya Ermənistanı Qarabağ üzrə danışıqlardan da uzaqlaşdırmaq üzrədir. Onun fikrincə, bunu Türkiyə, Rusiya və Azərbaycanın münasibətlərində də görmək olar:

“Bir vaxt Qarabağı danışıqlardan uzaqlaşdırdılar, indi də Ermənistanın uzaqlaşdırılmasına çalışırlar. Hətta Azərbaycandan Rusiyanın bu və ya başqa şərtləri barədə yayılan söhbətlərdə belə Qarabağın və Ermənistanın adı keçmir. Başqa məsələdir ki, özün öz hüquqlarını könüllü şəkildə verirsən, xam xəyal kimi mənfəətə ümid edirsən və əli boş qalırsan. Məsələləri artıq səndən soruşmadan həll edirlər. Ermənistanın mövqeyi artıq onları maraqlandırmır”,- deyə Manvel Sarkisyan bildirib.

Əslində, Manvel Sarkisyanın dedikləri Ermənistanın xarici siyasətində özünü açıq göstərir. Təsadüfi deyil ki, bu ölkənin xarici siyasətinə Rusiya vətəndaşı Edvard Nalbandyan rəhbərlik edir və o, bu vəzifəyə Rusiya xarici işlər naziri Sergey Lavrovun istəyi ilə təyin edilib. Son bir neçə ayda Nalbandyanın bəyanatları ilə Sarkisyanın komandasından səslənən digər bəyanatları tutuşdurduqda Ermənistan xarici işlər nazirinin Moskvanın göstərişləri ilə hərəkət etdiyini görmək mümkündür.

Məsələn, təxminən 2 ay öncə Edvard Nalbandyan diaspora təmsilçiləri ilə görüşü zamanı Dağlıq Qarabağ Ətrafındakı bəzi rayonların Azərbaycanın nəzarətinə qaytarılmasının mümkünlüyünü bildirmişdi, Serj Sarkisyan isə bununla bağlı ciddi bir açıqlama verə bilməmişdi. Çünki Moskva Qarabağla bağlı nəzərdə tutduqlarını onunla müzakirə etmir.

Çingiz Rüstəmov  / İstiPress