Prezidentdən önəmli mesajlar

10 Noyabr, 2017 19:01 | Siyasət | Baxış sayı: 451
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Bakıdan Gəncəyə qatarla 3 saata çatmaq olacaq

Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışı zamanı çıxış edib. 

İstiPress-in məlumatına görə, çıxışı təqdim edir:

- Bu gün Gəncənin həyatında çox gözəl və əlamətdar bir gündür. Biz Gəncə Dövlət Filarmoniyasının açılışını birlikdə qeyd edirik. Bu münasibətlə sizi və bütün gəncəliləri ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox gözəl, əlamətdar hadisədir. Filarmoniya ən yüksək standartlara uyğun tikilib, həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından ən yüksək standartlara cavab verir. Gəncəyə əlavə yaraşıq verəcək bu filarmoniyanın şəhərin mədəniyyət və incəsənət sahələrinə çox böyük töhfəsi olacaq. 

 Bu, mənim Prezident kimi Gəncəyə 15-ci səfərimdir. Gəncənin yeniləşməsi ilə bağlı bir çox addımlar atılıbdır. Bu gün həm qədim, həm müasir Gəncə nəinki Azərbaycanın, regionun mərkəzlərindən biridir. Burada infrastrukturla bağlı bir çox layihələr icra edilib. Qazlaşdırma 100 faiz səviyyəsindədir, elektrik enerjisi tam təmin edilir, içməli su layihəsi icra olunur. Bildiyiniz kimi, bu layihə çox böyük vəsait tələb edən layihədir, texniki cəhətdən də o qədər də asan layihə deyil. Bu layihənin icrası üçün əlavə addımlar atılacaq. Əminəm ki, 2019-cu ildə Gəncədə içməli su problemi də tamamilə aradan qaldırılacaq və sakinlər 24 saat təmiz içməli su ilə təmin olunacaqlar.

Yol infrastrukturunun təkmilləşdirilməsi, müasirləşməsi üçün addımlar atılıb, yenə də atılacaq. Bakı-Gəncə avtomagistralı dünyanın ən yüksək standartlarına cavab verir, dördzolaqlı gözəl, hamar, sürətli bir yoldur. Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik. Bizim həm digər şəhərlərimizə, həm də sərhədə gedən bu yol indi ikizolaqlıdır, genişləndirildikdən sonra dördzolaqlı olacaq.

İstəyirəm gəncəlilər onu da bilsinlər ki, Bakı-Gəncə sürət qatarının işə salınması ilə bağlı məsələlərin araşdırılması üçün mənim tərəfimdən göstəriş verilmişdir. Bilirsiniz ki, indi Azərbaycan dünyanın ən müasir qatarlarını alır və bu proses davam etdiriləcək. Birinci sürət qatarları Bakı-Sumqayıt, Bakı-Gəncə qatarları olacaqdır. Dəmir yolunun yenidən qurulması prosesi uğurla gedir. Bakı-Böyük Kəsik dəmir yolu indi də təbii ki, tam istismardadır, ancaq o yolun keyfiyyətinin yaxşılaşdırılması nəticəsində qatarların sürəti təqribən 120 kilometrə bərabər olacaq. Beləliklə, Bakıdan Gəncəyə qatarla çox qısa müddət ərzində və çox komfortlu şəkildə gəlmək mümkün olacaqdır. Bütün bu layihələr ona görə icra edilir və ediləcək ki, biz insanlar üçün daha da yaxşı şərait yaradaq, insanlar daha yaxşı yaşasınlar. İnfrastruktur layihələrinin icrası məhz bu məqsədi güdür. Onların bir çoxu həll olunub, qalan məsələləri də həll edəcəyik.

Prezident Gəncə Filarmoniyasının açılışında
Prezident Gəncə Filarmoniyasının açılışında

Əvvəlki illərdədə Gəncədə sosial layihələrlə, sənaye layihələri ilə bağlı bir çox gözəl işlər görülübdür. Bu gün mən bir neçə obyektin açılışında və təqdimatında iştirak edəcəyəm. Onlardan biri Dövlət Aqrar Universitetinin yataqxana binasıdır. Bu, ikinci bina olacaq. Birinci binanı da mən açmışam, o, 520 yerlik binadır. Bu binada da 500-dən çox tələbə yaşayacaq. Şəhərdəki 1 saylı məktəb də əsaslı təmir olunub, mən oraya da baxacağam. Böyük ticarət mərkəzləri - “Gəncə Moll”, “Grand Qafqaz” kompleksi açılır. Bu iki böyük ticarət obyektində minlərlə insan işlə təmin olunacaqdır. Gəncədə yeni parklar salınıb. Onların da təqdimatı bu gün nəzərdə tutulubdur. Biz yeni muzeyin açılışını da edəcəyik. İndi Gəncə muzeylər şəhəridir. Gəncə Azərbaycan xalqına o qədər görkəmli şəxsiyyətlər bəxş edib ki, onların hamısının Gəncədə muzeyləri olmalıdır və bu məsələ də öz həllini tapır.

Növbəti illərdə biz bu günə qədər həllini tapmayan, ancaq həllini gözləyən məsələləri də həll edəcəyik, ilk növbədə, əlbəttə, iqtisadi inkişafla bağlı məsələləri. Gəncədə yeni müəssisələrin yaradılması nəzərdə tutulur, iş yerlərinin açılması istiqamətində böyük işlər görülür və iki önəmli obyektin də tikintisi nəzərdə tutulur. Mən bu gün sizə onu da bildirmək istəyirəm və gəncəlilər də bilsinlər ki, Gəncə Dram Teatrının tikintisi ilə bağlı göstəriş verilib. Çox güman ki, gələn ildən başlayaraq teatrın tikintisi davam etdiriləcək, lazımi vəsait ayrılacaq və artıq bu teatrın tikintisinin nə vaxt başa çatacağı gəncəlilərdən asılı olacaq. Müasir böyük idman sarayının tikintisi də nəzərdə tutulur. 

Bilirəm ki, gəncəliləri bir məsələ də narahat edir. O da çoxmənzilli binaların təmiri məsələsidir. Şəhərdə 72 belə bina var və bu binaların təmiri də nəzərdə tutulacaqdır.

Görürəm ki, son illər ərzində Gəncə doğrudan da çox sürətli inkişaf dövrünü yaşayır. Tarixi binalar bərpa olunur, yeni binalar tikilir, xiyabanlar, parklar, yaşıllıqlar salınır. Gəncə şəhərinə giriş indi çox gözəl və möhtəşəmdir, dahi Nizaminin əsərləri göz oxşayır. İndi dünya miqyasında böyüklüyünə görə üçüncü park Gəncədədir. Bu, hamımızı sevindirir. Heydər Əliyev Parkı doğrudan da möhtəşəm bir ictimai istirahət zonasıdır.

İlham Əliyev Gəncə Dövlət Filarmoniyasında
İlham Əliyev Gəncə Dövlət Filarmoniyasında

Ölkəmizin çox böyük potensialı var - ilk növbədə, insan kapitalı. Biz vəsaiti əsasən insan kapitalına yönəltmişik. Əlbəttə ki, iqtisadiyyatımızın dayağı olan enerji sektorunu, qeyri-neft sektorunu, kənd təsərrüfatını, sənaye istehsalını da inkişaf etdiririk. Ona görə, bu gün dünya xəritəsinə baxanda, - əlbəttə, mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, - istər-istəməz görürük ki, doğrudan da Azərbaycan uğurlu, sürətli, dayanıqlı inkişaf nümunəsi göstərir. Bu, bizi çox sevindirir.

Biz bu ili də yaxşı göstəricilərlə başa vuracağıq. Gələn il daha da uğurlu olacaqdır. Mən bu yaxınlarda qeyd etdim ki, bizim heç bir maliyyə problemimiz yoxdur. Əgər olsaydı biz sosial layihələrə bu qədər vəsait yönəldə bilməzdik. Ona görə, bir daha demək istəyirəm ki, Dram Teatrının və İdman Sarayının, o cümlədən çoxmənzilli 72 binanın təmiri və tikintisi ilə bağlı vəsait qıtlığı olmayacaq. Sadəcə olaraq, siz burada işləri elə qurun ki, bu məsələlər tezliklə öz həllini tapsın və biz sizinlə növbəti açılışlarda görüşək".

Gəncə Filarmoniyası
Gəncə Filarmoniyası