İlham Əliyev “Yeni Gəncə”ni açdı YENİLƏNİB II, FOTOLAR

10 Noyabr, 2017 16:36 | Siyasət | Baxış sayı: 596
İlham Əliyev “Yeni Gəncə” yarımstansiyasının açılışında
İlham Əliyev “Yeni Gəncə” yarımstansiyasının açılışında

İlham Əliyev Gəncədə səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, yarımstansiyanın ümumi sahəsi 11 min kvadratmetr təşkil edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular, elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikası, texniki online nəzarət şkafları, açılma və qoşulmaların avtomatik idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və 10 kV-luq kabel kanallarının estakadası və şkafları yerləşdirilib. Bununla yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və II “Yeni Gəncə” hava xətləri 24 kilometrlik hissəsi yenidən qurulub. Gəncə şəhərinin mərkəzi hissəsinin 30 faizdən çoxunun elektrik enerjisi ilə təminatında 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyası mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, “Yeni Gəncə” yarımstansiyasından çıxan 10 kV-luq “Yeni Gəncə” və 10 kV-luq IV “Yeni Gəncə” hava xətlərindən 30 min abonent elektrik enerjisi ilə təchiz olunur.

Bununla yanaşı, hazırda inşa olunan 2x10 mVA gücündə 35/10 kV-luq “Məhsəti” yarımstansiyasını qidalandırmaq üçün “Yeni Gəncə” yarımstansiyasından 3,1 kilometr uzunluğunda 35 kV-luq I və II “Məhsəti” kabel, həmçinin 35/10/6 kV-luq “Sənaye Rabitə” yarımstansiyasının qidalandırılması üçün 35 kV-luq I və II “Sənaye-Rabitə” elektrik verilişi xətləri çəkilib. “Yeni Gəncə” yarımstansiyasının hazırda inşa olunan yarımstansiyalarla əlaqələndirilməsi nəticəsində Gəncə şəhərində ilk dəfə olaraq 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemi yaradılacaq.

“Yeni Gəncə” yarımstansiyası
“Yeni Gəncə” yarımstansiyası

saat 14:36

Gəncədə olan prezident bu gün Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib.

Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb.

Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışı olub. Kompleksin inşasına 2014-cü ilin may ayında başlanılıb, 2017-ci ilin oktyabr ayında isə tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 20 hektar, tikintialtı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik “modul” tipli beş “Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Komplekdə iri və xırdabuynuzlu heyvanların və quşların kəsimi, həmçinin diri balıqların satışı üçün 3 min 500 ticarət obyekti tikilib. Burada 1,3 hektar ərazidə avtopark yaradılıb. Ticarət kompleksinin istifadəyə verilməsi nəticəsində 5 min nəfər yeni iş yeri ilə təmin ediləcək.

Saat 13:08

Prezident “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış olub. Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən “Gəncə Mall”un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir. Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. “Gəncə Mall”da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur.

Qeyd edildi ki, burada aptek, kitab mağazası, müxtəlif restoranlar və “Cinema Plus” kinoteatrı da yerləşir. Ticarət mərkəzində 800 nəfərin yeni iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.

Saat 13:01

Gəncədə səfərdə olan prezident Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib.

Mədəniyyət ocağının təməli İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulub. Burada inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb. Dövlət başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsib və bina ilə tanış olub.

Altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja da tamaşaçıların ixtiyarına veriləcək. Filarmoniyada kitab satışı da həyata keçiriləcək. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.

Saat 12:01

Prezidenti İlham Əliyev Gəncəyə səfər edib. Əvvəlcə dövlət başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Gəncənin Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev adına baş meydanı şəhər sakinlərinin və qonaqların istirahəti üçün çox gözəl məkanlardan biridir.

Prezident Gəncədə
Prezident Gəncədə