Prezident ilk səfərini Azərbaycana edən nazirlə görüşdü

10 Oktyabr, 2019 08:46 | Siyasət | Baxış sayı: 32
İlham Əliyev və gürcü Baş nazir Giorgi Qaxariya
İlham Əliyev və gürcü Baş nazir Giorgi Qaxariya

İlham Əliyev Giorgi Qaxariyanı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib. Prezident onun baş nazir kimi ilk səfərini Azərbaycana etməsindən məmnun olduğunu deyib. "Bizim üçün də Gürcüstan ən yaxın tərəfdaşdır və ən yaxın ölkələrdən biridir. Bizi birləşdirən ortaq tarix, ortaq coğrafi məkan əlaqələrimizin inkişafı üçün gözəl təməldir. Müstəqillik dövründə əlaqələrimiz uğurla inkişaf edib və bu gün bir çox sahələri əhatə edir. Biz beynəlxalq təşkilatlarda bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik".

Gürcü nazir də xoş qarşılanmaya görə təşəkkür edib. "Bu, təsadüfi deyil ki, biz ilk səfəri Azərbaycan Respublikasına etdik. Biz bu qərarı ona görə qəbul etdik ki, düşmənə və dosta sübut edək, Azərbaycan və Gürcüstan arasında heç bir həll olunmayan məsələ yoxdur və ola bilməz".

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş Naziri Giorgi Qaxariya işçi nahar ediblər.